İrakli Kobaxidze: Azərbaycan ilə əlaqələri daha dərindən inkişaf etdirmək istəyirik
Gürcüstan digər ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapurda jurnalistlərə açıqlamasında bildirib.
O diqqətə çatdırıb ki, Asiya də daxil olmaqla, bu istiqamətdə çox fəal iş aparılır: “Bir çox vacib səfərlərimiz və görüşlərimiz olub. Mərkəzi Asiya ölkələri ilə yanaşı, qonşularımız olan Azərbaycan, Ermənistan və Türkiyə ilə də sıx əlaqələrimiz var və bunu daha dərindən inkişaf etdirmək istəyirik”.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan hazırda Gürcüstan üçün strateji əhəmiyyət daşıyan ölkələrdən birinə çevrilib:
“Gürcüstanın bir tərəfdən Rusiya ilə ciddi problemləri mövcuddur. Doğrudur, Gürcüstandakı hakimiyyətin Rusiya ilə müəyyən səviyyədə yaxın münasibətlər saxladığı bildirilir. Lakin buna baxmayaraq, Gürcüstan dövləti ilə Rusiya arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Rusiya Gürcüstanın ərazi bütövlüyünə müdaxilə edib və separatçı Abxaziya və Cənubi Osetiya bölgələrini hələ də dəstəkləyir. Bu isə Gürcüstanın öz ərazi bütövlüyünü bərpa etməsinə mane olan əsas amillərdən biridir. Buna görə də Tbilisi Moskva ilə münasibətlərdə ciddi çətinliklər yaşayır. Digər tərəfdən, Gürcüstanın Avropa istiqamətində də müəyyən problemləri mövcuddur. Avropa İttifaqına üzvlük prosesi hazırkı mərhələdə faktiki olaraq ləngiyib, ölkəyə göstərilən siyasi və maliyyə dəstəyində də azalma müşahidə olunur. Bu amillər Gürcüstan üçün əlavə siyasi və iqtisadi çətinliklər yaradır. Region ölkələrinə gəldikdə isə, Gürcüstan Ermənistanı iqtisadi inkişaf baxımından ciddi tərəfdaş kimi görmür. Çünki Ermənistanın özü də inkişaf üçün xarici dəstəyə və əlavə resurslara ehtiyac duyur”.
Politoloq həmçinin bunu da qeyd edib ki, Azərbaycan Gürcüstan üçün strateji tərəfdaş kimi ön plana çıxır:
“Azərbaycanın güclü iqtisadi potensialı, enerji resursları və logistik imkanları Gürcüstan üçün mühüm inkişaf perspektivləri yaradır. Bundan əlavə, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi və Gürcüstanın da Türkiyə ilə sıx münasibətləri regional əməkdaşlığı daha da gücləndirən amillərdəndir. Bu baxımdan demək olar ki, Gürcüstan öz əsas strateji tərəfdaşlarından birinin Azərbaycan olduğunu dəqiq müəyyənləşdirib. Azərbaycanla münasibətlərin daha da dərinləşdirilməsi və əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi Gürcüstan üçün həm iqtisadi, həm də siyasi baxımdan mühüm üstünlüklər vəd edir. Rəsmi Tbilisi də bu reallığı nəzərə alır. Rusiya ilə problemlərin, Avropa İttifaqı ilə münasibətlərdə yaranmış gərginliyin fonunda Gürcüstan iqtisadi, ticarət və siyasi maraqlarını həyata keçirmək üçün əsas istiqamətlərdən biri kimi Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə üstünlük verir. Bu proses Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Çünki Gürcüstan Azərbaycanın əsas tranzit tərəfdaşlarından biridir. Azərbaycanın neft və qaz ixracı, eləcə də digər beynəlxalq nəqliyyat və ticarət marşrutlarının mühüm hissəsi məhz Gürcüstan ərazisindən keçir. Bu səbəbdən Bakı–Tbilisi əməkdaşlığının güclənməsi hər iki ölkənin milli maraqlarına xidmət edir və regionda sabitlik, iqtisadi inkişaf və enerji təhlükəsizliyi baxımından mühüm rol oynayır”.

Güllər Gülhüseynova