İran-ABŞ danışıqlarında “qırmızı xətlər”
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai ABŞ-lə mümkün danışıqlarla bağlı sərt mövqe nümayiş etdirib. Onun sözlərinə görə, İranın milli maraqlarını əks etdirən “qırmızı xətlər” dəyişməz qalır və Vaşinqton əvvəlki yanaşmanı davam etdirərək sıfır zənginləşdirmə kimi tələblər irəli sürərsə, danışıqların uğur qazanması mümkün olmayacaq. Bu açıqlama regionda onsuz da gərgin olan siyasi mənzərəni yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Kənan Novruzov bildirib ki, bu tip bəyanatlar təəccüblü olmamalıdır:
“Niyə təəccüblü olmamalıdır? Çünki bu cür bəyanat və mesajlar təkcə xarici auditoriyaya deyil, eyni zamanda daxili auditoriyaya, yəni ölkə daxilindəki ictimaiyyətə ünvanlanır. İran rəsmiləri bu açıqlamalarla təxminən belə bir mesaj verirlər: heç kim bizə diktə dili ilə danışa bilməz. Narahat olmayın, proseslər tam şəkildə bizim maraqlarımıza uyğun istiqamətdə inkişaf edir. Yəni bu tip bəyanatlarla verilən əsas mesaj məhz budur. Eyni zamanda beynəlxalq auditoriyaya da mesaj ötürülür ki, biz ABŞ-nin dediklərindən geri durmuruq, beynəlxalq münasibətlər sistemində öz yerimiz və rolumuz var və biz bərabərhüquqlu münasibətlərdə maraqlıyıq. Beynəlxalq münasibətlərdə bu cür bəyanatlar adətən məhz bu formada anlaşılır.
İranın əsas “qırmızı xətləri” də bundan ibarətdir ki, ölkə öz maraqlarının təmsil olunmasını və təmin edilməsini istəyir. Lakin düşünürəm ki, hazırkı mərhələdə İranın əsas prioriteti müharibənin qarşısını almaqdır. Mümkün müharibənin qarşısını almaq üçün isə, məncə, Tehran Vaşinqtonla danışıqlara və kompromisə getməyə hazırdır və bu proses baş verəcək. Yəni İran və ABŞ arasında müəyyən razılaşmanın əldə olunması mümkündür. Lakin İsrail bu danışıqlara mane olmaq üçün əlindən gələni edəcək”.
Banuçiçək Məmmədova
