“İran ABŞ ilə danışıqların bərpası üçün diplomatik yolları araşdırır”
İran ABŞ ilə gərgin münasibətlərin aradan qaldırılması məqsədilə diplomatik yolları nəzərdən keçirir və nüvə sazişi ilə bağlı danışıqların yenidən başlanması üçün sanksiyaların ləğvini tələb edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tofiq Abbasov qeyd edib ki, əgər həqiqətən diplomatik danışıqlar indi başlayarsa:
“Əgər onların ətrafında müəyyənlik olsa və Amerika Birləşmiş Ştatları anlasa ki, ən yaxşı variant müharibəsiz proseslərin aparılmasıdırsa, bu, ən optimal çıxış yolu olacaq. Çünki faktiki olaraq burada bir məsələ ortaya çıxır: Amerikanın İrana qarşı dörd əsas tələbi var idi, lakin İran bu tələblərin dördünü də birmənalı şəkildə rədd edib. Yəni İran bildirir ki, danışıqlara yalnız o halda gedə bilər ki, proses sıfırdan başlasın və bu, diktə formasında olmasın. Tərəflər bir-birini dinləməli və nəticələri birgə əldə etməlidirlər.
Təbii ki, burada İranın əsas məqsədi sanksiyalar rejiminin bir qədər yumşaldılmasıdır. Tramp isə bu prosesdə müəyyən qədər yəhudi lobbisindən asılı vəziyyətdədir. Çünki onun yəhudi lobbisi qarşısında özünəməxsus öhdəlikləri var. Trampın ikinci dəfə hakimiyyətə qayıdışında yəhudi lobbisinin, o cümlədən İsrail dövlətinə bağlı müəyyən qüvvələrin rolu olub. Onlar Tramp üçün xeyli vəsait xərcləyiblər. Ən azı 100 milyon dollardan söhbət gedir və bu məbləği ona Miriam Adelson adlı xanım təqdim edib. Onun həyat yoldaşı dünyasını dəyişib, Trampın yaxın dostu olub və hazırda ailənin maliyyə proseslərini xanımı idarə edir. O, Tramp ailəsi ilə də çox yaxındır. Bir tərəfdən İranı zəiflətmək istəyirlər, digər tərəfdən isə İsraillə bağlı şərait yaratmağa çalışırlar. Amma İsrail özü də ehtiyat edir. Çünki əgər Amerika İrana hücum edərsə, İran da İsrail məsələsini gündəmə gətirəcək. Yəni İranın bu planı artıq hazırdır. Əlbəttə, bu təsirlərin həddindən artıq çox olması və mənfi nəticələr doğurması hamını narahat edir".
Reyhan Quliyeva
