İran ABŞ-lə anlaşma ehtimalını istisna edir
İran və ABŞ arasında danışıqlar davam etsə də, Tehran qarşılıqlı anlaşmanın əldə olunmasını gözləmir. İran parlamentinin sədr müavini Həmidrza Hacıbabayi bildirib ki, ABŞ-lə əvvəlki danışıqlar uğurlu olmayıb. O, İranın ABŞ-lə güc mövqeyindən danışmalı olduğunu və Tehran güclənməyənə qədər Vaşinqtonun siyasətini dəyişməyəcəyini deyib.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, tez-tez İranın bu cür fikirilər əlbəttə ki, səsləndirir və parlamentin sədr müavini Həmidreza Hacıbabayinin çıxışı da məhz bu istiqamətdədir:
“Yəni tez-tez bəyan edilir ki, İran tərəfi əslində Amerika ilə danışıqlar aparmamalıdır, bu danışıqlar sadəcə imitasiya xarakteri daşıyır və əsas məsələ güc yolu ilə həll ediləcək məsələlərdir və İran tərəfi də çalışmalıdır ki, ABŞ ilə məsələlərini güc yolu ilə həll etsin. Ancaq burda bir maraqlı məqam budur ki, ABŞ-nin İrana hücumu İranın özünə çox böyük zərər vurur. Müharibə İran ərazisində getdiyi üçün İran ərazisi çox böyük dağıntılara məruz qalır, infrastruktur ciddi şəkildə zərbə görür və İranın iqtisadi imkanları geriləyər”.
Müsahib qeyd edib ki, həmçinin, hərbi mənada da əlbəttə ki, İran Amerika Birləşmiş Ştatlarından çox geridədir:
“İran rəsmilərinin bu şəkildə açıqlamalarla çıxış etməsi ki, İran ABŞ-lə güc yolu ilə danışmalıdır, bu dediyim kimi özü Tehranın özünə sərf etməyən bir variantdır.
Bütün bunlara rəğmən mən inanıram ki, Tehran və Vaşinqton arasında sülhün əldə olunması üçün danışıqlar gedir. Tərəflər təkcə hərbi formada, güc vasitəsilə bir-birilə danışmırlar.
Çünki bu müharibə heç bir tərəfə, xüsusilə də İrana xeyr vermir”.
Nəticə olaraq politoloq bildirib ki, hazırda onsuz da İranın iqtisadi vəziyyəti gərgindir:
“Əsas onun qazanc mənbəyi olan nefti sata bilmir, neft bazarına real çıxışı yoxdur. Belə deyək, güclü şəkildə çıxa bilmir ABŞ-nin sanksiyaları səbəbindən, çox geridə qalıb. Bu mənada düşünürəm ki, əsas məsələ hərbi formada həlli yoх, məsələnin sülh istiqamətində, danışıqlar istiqamətində həll olunmasıdır”.
Aysu Abbasova