İran ABŞ-ni hədələdi: Dünya ağır enerji böhranı ilə üzləşə bilər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni hərbi qarşıdurma baş verəcəyi təqdirdə Hörmüz boğazından keçən sualtı internet kabellərinin hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, İran tərəfi, o cümlədən İranda faktiki hakimiyyətdə olan SEPAH da yaxşı bilir ki, noyabrın 3-də keçiriləcək seçkilərdən sonra Amerika Birləşmiş Ştatları İrana qarşı irimiqyaslı hücumlarla müşayiət olunacaq yeni hərbi əməliyyatlar başlayacaq:
“Bunun qarşısını almaq üçün İran tərəfi, diqqət edirsinizsə, 40 günlük müharibənin sonunda da təhdid və şantaj siyasətinə əl ataraq müharibənin aktiv mərhələsini dayandıra bildi. İranda bu müharibəyə qarşı bir növ immunitetin, yəni müharibəyə uyğunlaşma prosesinin baş verdiyi kimi, həm qonşu ölkələrdə, həm də Hörmüz boğazından neft alan və neft daşıyan ölkələrdə də bu müharibəyə qarşı müəyyən bir immunitet formalaşmış kimidir. Yenidən hərbi əməliyyatların qaçılmaz olduğunu görən İranın əlindəki növbəti təzyiq vasitələri, şübhəsiz ki, Yaxın Şərqdə, xüsusilə də Körfəzdən keçən kabel internet xətləri və ərəb ölkələrinin dəniz suyundan istifadə edərək içməli su əldə etdikləri duzsuzlaşdırma qurğularıdır. İran bununla Yaxın Şərqi daha da dözülməz bir cəhənnəmə çevirmək istəyir. Doğrudur, İranın özünün də bu sahədə ciddi problemləri var. İran da içməli suyun bir hissəsini məhz bu qaydada əldə edir. Lakin bu müharibə, təəssüf ki, İran əhalisi və cəmiyyəti üçün yenidən daha dəhşətli mənzərə yaradacağına görə, İran qonşu dövlətləri, eləcə də müharibə ilə bilavasitə əlaqəsi olmayan ölkələri bu cür təhdid etməklə, eyni zamanda, onlardan Amerika Birləşmiş Ştatlarına qarşı təzyiq vasitəsi kimi istifadə edir”.
Politolqun sözlərinə görə, son zamanlar Yəməndə də bu istiqamətdə həm qanuni Yəmən hökumətinin, həm də Səudiyyə Ərəbistanının bilavasitə dəstəyi və iştirakı ilə irimiqyaslı əməliyyatlar həyata keçirilib:
“Nəticədə, İranın Bab əl-Məndəb boğazından təzyiq vasitəsi kimi istifadə etmək imkanı məhdudlaşdığı üçün İran indi daha çox diqqətini Körfəzdən keçən digər strateji kabel xətlərinə yönəldir. Yenə qeyd edim ki, həm əvvəlki, həm də digər region ölkələrinə qarşı müharibənin başlanması ilə onların ərazilərinin də hədəfə alınması İran tərəfinin əlində qalan sonuncu təzyiq vasitələrindəndir. Mən hesab edirəm ki, SEPAH blef etmir. Növbəti müharibə başlayarsa, SEPAH indiyədək bəyan etdiyi bütün bu cür, ağla gələn və gəlməyən təxribat xarakterli hərəkətlərdən çəkinməyəcəkdir. Şübhəsiz ki, belə bir müharibənin yenidən alovlanması Yaxın Şərqdə hərbi qarşıdurmanın genişlənməsinə səbəb olacaqdır.
Eyni zamanda, danışıqların növbəti raundunun keçirilməsi də, demək olar ki, mümkün olmayacaqdır. Çünki bu dəfə Amerika Birləşmiş Ştatları İranı tam təslimiyyət vəziyyətinə gətirmək istəyir. İran daxilində vəziyyətin daha da gərginləşməsi isə danışıqları aparacaq faktiki qüvvənin mövcud olmadığını üzə çıxara bilər. Beləliklə, bu müharibə regional münaqişə olmaqla yanaşı, qeyd etdiyim səbəblərdən qlobal böhranı da dərinləşdirəcəkdir. Xüsusilə də iqtisadi və enerji böhranı daha da kəskinləşəcəkdir”.
Selcan Xudiyeva