İran-ABŞ qarşıdurmasında qarşılıqlı zərbələr davam edir- Ekspert
Bundan sonra İrana qarşı hər hansı təcavüzə daha sürətli və ağır cavab veriləcək.
Bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda İran və ABŞ arasında müəyyən formada qarşıdurma davam edir:
“Son zamanlarda bu qarşıdurma çox intensiv xarakter daşımır, amma qarşılıqlı zərbələr və qarşılıqlı hücumlar barədə açıqlamalar davam edir. İranın raket və dron arsenalının əhəmiyyətli hissəsi dağların altında yerləşən yeraltı bazalarda qorunduğuna görə, ABŞ hələlik bu arsenalı tamamilə sıradan çıxara bilməyib. İran da öz növbəsində həmin yeraltı bazalardan istifadə edərək ABŞ-nin bazalarına, müxtəlif hərbi gəmilərinə, hətta təyyarədaşıyan gəmilərinə belə zərbələr endirməyə çalışır. Bu hücumların nə dərəcədə effektiv olduğunu dəqiq söyləmək çətindir. Çünki nə ABŞ, nə də İran bu məsələdə kifayət qədər geniş və obyektiv informasiya təqdim edir. Bəzən elə təəssürat yaranır ki, çox ciddi zərbələr və böyük dağıdıcı hücumlar həyata keçirilir. Lakin əslində, hadisələrin miqyası barədə tam təsəvvür yaratmaq mümkün deyil. ABŞ də, İran da bu barədə məlumatları öz maraqları çərçivəsində təqdim edir. İran müəyyən məlumatları yayır, lakin bunu daha çox məhdud çərçivədə edir. Hər halda, aydın görünən odur ki, hələlik İranın ABŞ-yə zərbə endirmək və hücumlar həyata keçirmək imkanları qalır”.
Güllər Gülhüseynova