00:00:00
Yazar
Banuçiçək Məmmədova
16.02.2026 13:35 14 2 dəq oxuma
Siyasət

İran: ABŞ sanksiyaları aradan qaldırsa, nüvə sazişi mümkündür

İran: ABŞ sanksiyaları aradan qaldırsa, nüvə sazişi mümkündür

İran ABŞ sanksiyalarının ləğvi qarşılığında nüvə sazişi imzalamağa hazır olduğunu bəyan edib. Bu barədə İran Xarici İşlər nazirinin müavini Məcid Taxt-Rəvançı açıqlama verib. Onun sözlərinə görə, “top amerikalıların tərəfindədir” və Vaşinqton real razılaşma istədiyini əməli addımlarla sübut etməlidir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfüqar bildirib ki, İranın bu mesajı ilk baxışda konstruktiv görünür:

 

“Əslində, İran bu bəyanatı eyni anda həm özünün kompromisə açıq olduğunu göstərməyə hesablayır, həm də bununla məsuliyyəti Vaşinqtonun üzərinə qoyur. ABŞ üçün isə məsələ daha mürəkkəbdir. Rəsmi Vaşinqton yalnız sanksiyaların ləğvi müqabilində İranın uranın zənginləşdirilməsi səviyyəsini ciddi şəkildə məhdudlaşdırmasını, beynəlxalq nəzarəti-xüsusilə Beynəlxalq Atom Enerjisi Agentliyinin monitorinq mexanizmlərini-bərpa etməsini tələb edir. Bundan əlavə, ABŞ administrasiyası İranın regional siyasətini və raket proqramını da ümumi təhlükəsizlik kontekstində nəzərə alır. Bu isə danışıqları sırf nüvə çərçivəsindən çıxararaq daha geniş siyasi paketə çevirir. Cenevrə danışıqlarından dərhal böyük razılaşma gözləmək real deyil. Daha çox texniki çərçivənin müəyyənləşdirilməsi, qarşılıqlı etimadın test edilməsi və gələcək mərhələlərin planlaşdırılması ehtimal olunur. Əgər tərəflər sərt ritorikanı azaldıb konkret mexanizmlər üzərində razılığa gələ bilsələr, bu, gərginliyin azalmasına müsbət təsir göstərə bilər. Hazırkı mərhələdə əsas sual siyasi iradədən çox, qarşılıqlı zəmanətlərin necə təmin olunacağıdır. Həm İran, həm də ABŞ daxili siyasi auditoriyanı, onlara yaxın qüvvələri nəzərə alır və bu, kompromisi çətinləşdirir. Lakin regionda artan risklər fonunda tərəflərin tam qarşıdurma yolunu seçəcəyi də məntiqli görünmür. Buna görə də Cenevrə görüşləri yeni sazişin başlanğıcı olmasa belə, ən azı dialoqun davamı üçün zəruri platforma rolunu oynaya bilər”.

 

Banuçiçək Məmmədova

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər