00:00:00
Yazar
Nərmin Həşimova
08.05.2026 20:29 21 2 dəq oxuma
Siyasət

İran-ABŞ təmaslarında Pakistan amili: Regionda nələr olacaq?- ŞƏRH

İran-ABŞ təmaslarında Pakistan amili: Regionda nələr olacaq?- ŞƏRH

ABŞ-nin pakistanlı vasitəçisinin İrana çatdırıdığı təklifi hələ nəzərdən keçirilir.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, İran mesajları nəzərdən keçirir və ABŞ tərəfinə hələ ki heç bir cavab verməyib.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva  “İnformator.az”a açıqlamasında bildirib ki,Tehran və Vaşinqton arasında mümkün razılaşma ilk növbədə Yaxın Şərqdə hərbi gərginliyin müəyyən qədər azalmasına səbəb ola bilər:


“Xüsusilə son aylarda regionda artan qarşıdurmalar, Hörmüz boğazı ətrafında təhlükəsizlik riskləri və İranın nüvə proqramı ilə bağlı narahatlıqlar fonunda tərəflər arasında dialoqun davam etməsi bazarlar və regional aktorlar vasitəsilə diqqətlə izlənilir. Əgər tərəflər arasında mərhələli anlaşma əldə olunarsa, bu, enerji bazarlarında sabitliyə, regional diplomatiyanın aktivləşməsinə və İranın beynəlxalq təcridinin müəyyən qədər yumşalmasına gətirib çıxara bilər. Bununla yanaşı, prosesin uğurlu olması üçün tərəflər arasında etimad problemi və qarşılıqlı şərtlərlə bağlı fikir ayrılıqlarının aradan qaldırılması əsas məsələlərdən biri olaraq qalır. Pakistanın vasitəçi kimi prosesdə iştirak etməsi isə regionda yeni diplomatik balansların formalaşdığını göstərir. İslamabad həm İranla, həm də ABŞ ilə münasibətləri qorumağa çalışan aktor kimi özünü regional dialoq platforması kimi təqdim etməyə çalışır. Bu vasitəçilik cəhdi Pakistanın beynəlxalq siyasi çəkisini artırmaqla yanaşı, region ölkələrinin Qərb və Şərq arasında balans siyasətində daha fəal rol almaq istədiyini də nümayiş etdirir. Eyni zamanda, Pakistanın prosesdə iştirakı Çin faktorunu da dolayı şəkildə gündəmə gətirir, çünki Pekin son illərdə regionda diplomatik təşəbbüsləri dəstəkləyən əsas güclərdən biri kimi çıxış edir. Bu baxımdan, İran-ABŞ təmasları yalnız iki ölkə arasındakı münasibətlər deyil, bütövlükdə Yaxın Şərqdə yeni diplomatik konfiqurasiyanın formalaşması baxımından da əhəmiyyət daşıyır”.

 

Nurgün Qənizadə

#İran #ABŞ #Pakistan #vasitəçilik #danışıqlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər