İran Ali Milli Təhlükəsizlik Şurası: ABŞ-nin yeni təkliflərinə hələ cavab verilməyib
İran Ali Milli Təhlükəsizlik Şurası ABŞ-nin Pakistan vasitəsilə təqdim olunan yeni təkliflərə hələ cavab verilmədiyini açıqlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Şuranın yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, ABŞ tərəfinin atəşkəs və müharibənin dayandırılması ilə bağlı mesaj və müraciətlərinə baxmayaraq, İran İslam Respublikası danışıqların yalnız öz təklif etdiyi 10 maddəlik plan çərçivəsində aparılmasını qəbul edib.
“İran İslam Respublikası müharibənin 40-cı günündə və ABŞ prezidentinin İranın 10 maddəlik planını danışıqların çərçivəsi kimi qəbul etdiyini rəsmən elan etməsindən sonra bu danışıqları dost və qardaş ölkə Pakistanın vasitəçiliyi ilə İslamabadda aparmağa razılıq verib”, - bəyanatda vurğulanıb.