İran artıq istehsala başlayıb
"Hər iki sahədə onları əhəmiyyətli dərəcədə geri çəkmişik, lakin onlar yenidən cəhd göstərəcəklər",- bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. O əlavə edib ki, İran eyni zamanda ballistik raketlərin istehsalı üçün nəzərdə tutulan obyektləri də bərpa etməyə çalışır və artıq istehsala qayıdıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, İran nüvə proqramı ilə bağlı Qərblə razılaşmaya gələ bilmədi:
"İsrailin təhdidləri fonunda ABŞ ilə ortaq mövqe formalaşmadı. Paralel olaraq Tehran nüvə obyektlərinin bərpasını aparır, ballistik raketlərin istehsalını davam etdirmək üçün infrastrukturun yenilənməsini sürətləndirir. Bu proseslər bölgədə gərginliyi qaçılmaz şəkildə artırır və İsrailin İrana qarşı hava zərbələri üçün əlverişli şərait yaradır. Ölkə daxilində iqtisadi və siyasi vəziyyət ağır olaraq qalır, etirazlar və xalq çıxışları genişlənir. Prezident Pezeşkiyanın son açıqlamaları da hakimiyyət üçün mənfi siqnal sayılır, çünki o, açıq şəkildə islahat aparmaq və işləmək imkanlarının məhdudlaşdırıldığını bildirir. Qərb bütün mövcud təsir mexanizmlərini səfərbər edərək İranda daxili narazılığı artırmağa çalışır, İsrail və ABŞ-nin hərbi zərbələri isə geciksə də real təhlükə olaraq qalır".
Həmçinin müsahib qeyd edib ki, İsrail və ABŞ-nin əsas məqsədi rejim dəyişikliyinə nail olmaq, İranın nüvə və raket potensialını sıradan çıxarmaqdır:
"Bu çərçivədə Pəhləvi nəslinin yenidən hakimiyyətə gətirilməsi üzərində uzun müddətdir planlı fəaliyyət aparılır. Belə ssenari Qərbin, xüsusən ABŞ-nin İran daxilində müstəqil türk dövlətinin formalaşmasına imkan vermək istəmədiyini göstərir. Türkiyə və Azərbaycanın yerləşdiyi geosiyasi məkanda yeni türk, müsəlman dövlətinin yaranması türk birliyinin güclənməsi kimi qiymətləndirilir və bu ehtimaldan çəkinilir. Buna görə də İranın bütövlüyü saxlanılmaqla federativ quruluşa keçid, müxtəlif etnik bölgələrə muxtariyyət verilməsi, o cümlədən kürdlər üçün ayrıca federasiya ideyası gündəmdədir. Daxili üsyanlar rejimi sarsıtsa, hərbi müdaxiləyə ehtiyac qalmaya bilər, əks halda ABŞ-nin dəstəyi ilə İsrailin yaxın aylarda hava zərbələri endirməsi ehtimalı yüksəkdir. Rejimin çökməsi bölgədə bağlanmış iqtisadi və tranzit yolların açılmasına, sabitliyin artmasına şərait yarada bilər. Mövcud siyasi sistem isə region üçün daha böyük risk olaraq qalır və ilin sonuna qədər rejimin ayaqda qalma ehtimalı zəif görünür".
Qəmər Kazımzadə