“İran bölgənin üç böyük dövlətindən biri olaraq qalır” - ŞƏRH
İsrailin siyasətçisi İsrael Kats bildirib ki, İran hazırda həlledici mərhələdədir və ölkə rəhbərliyi regiondakı siyasəti ilə bağlı tarixi seçim qarşısındadır. Onun sözlərinə görə, İran ya mövcud siyasətini davam etdirəcək, ya da beynəlxalq təzyiqlər fonunda yanaşmasını dəyişməli olacaq.
Mövzu ilə bağlı politoloq Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, İran Yaxın Şərqdə əsas geosiyasi aktorlardan biri olaraq qalır və onun siyasəti regionda gedən proseslərə birbaşa təsir göstərir:
“İran regionun üç böyük dövlətindən biridir və Tehranın apardığı siyasət Yaxın Şərqdəki ümumi vəziyyətə ciddi təsir edir. Yaxın Şərqdə baş verən proseslər isə öz növbəsində beynəlxalq münasibətlər sisteminə təsir göstərir. İkinci Dünya müharibəsindən sonra bu region qlobal siyasətin əsas mərkəzlərindən birinə çevrilib və burada baş verən hər bir dəyişiklik dünya siyasətində də əks olunur. Müəyyən hadisələr İranın regional təsir imkanlarını qismən məhdudlaşdırsa da, ölkə hələ də mühüm güc olaraq qalır. Sovet İttifaqının dağılması və İraqda Səddam Hüseyn hakimiyyətinin devrilməsindən sonra İran Yaxın Şərqdə geosiyasi balansı müəyyən edən əsas dövlətlərdən birinə çevrildi. Lakin son dövrlərdə baş verən hadisələr, o cümlədən Qasım Süleymaninin öldürülməsi, İsrailin regionda həyata keçirdiyi əməliyyatlar və Suriyada siyasi dəyişikliklər İranın imkanlarını müəyyən qədər məhdudlaşdırıb. Buna baxmayaraq, İran hələ də bölgədə əsas təsir gücünə malik dövlətlərdən biri olaraq qalır. İranın xarici siyasəti Qərblə münasibətlərdən daha çox regional maraqlara əsaslanır. İran Qərb ölkələri ilə yaxın münasibətlər qurmağa xüsusi maraq göstərmir və öz siyasətini müəyyən edərkən əsasən regional prioritetləri nəzərə alır. Bu səbəbdən Tehranın atacağı addımların Qərb ölkələri ilə münasibətlərə təsiri məhdud qalır. Qərb, xüsusilə Avropa dövlətləri də artıq bu reallığı qəbul edib”.
Ayşə Müzəfərli