İran bu ölkəni “ikinci İsrail” elan edib
“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yəhudi dövlətinə göstərdiyi dəstəyə görə “ikinci İsrail” hesab edilə bilər”.
Bu fikri İran parlamenti sədrinin sözçüsü Əlirza Səlimi deyib.
O bildirib ki, Əbu-Dabi “İsrailin iqtisadi qanadı” rolunu oynayır. Səlimi həmçinin qonşu ölkəni ABŞ və İsrailin maraqları istiqamətində hərəkət etməkdə ittiham edib.
Mövzu ilə bağlı politoloq Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki, İranın BƏƏ-ni “ikinci İsrail” adlandırması bu ölkəyə qarşı daha sərt addımların anonsu kimi qiymətləndirilir:
“Hər kəsə bəllidir ki, İran illərdir İsraili bir nömrəli düşməni elan edib. Siyasi və iqtisadi addımlarını da bu düşmənçiliyə uyğun atıb. Amma Tehran hər zaman qonşu ölkələrə İsrailə yardım etməsi barədə ittihamlar irəli sürərək onlarla arasına məsafə qoyub. Son qarşıdurmalar zamanı isə hətta həmin ölkələrə dron və raket zərbələri endirib. Tehranın bu tədbirləri zamanı BƏƏ-yə qarşı daha sərt mövqeyi diqqət çəkirdi. Bu baxımdan BƏƏ-nin “ikinci İsrail” elan edilməsi heç də təəccüblü deyil. İran açıq şəkildə Əbu-Dabini İsraillə sıx siyasi, hərbi və iqtisadi əməkdaşlıqda günahlandırır, İrana qaşı hücumlarda BƏƏ-nin dəstəyini əsas gətirərək onu "ikinci İsrail" adlandırır. Bu isə İranın bu ölkəyə qarşı daha ciddi addımlar ata biləcəyinin siqnalıdır. Əbu-Dabidən təbii olaraq bu iddialar təkzib ediləcək və münasibətlərin daha da gərginləşməməsi üçün diplomatik kanallar işə salınacaq. Çünki BƏƏ iqtisadiyyatının mərkəzi sayılan Dubay və Əbu-Dabi "təhlükəsizlik adası" hesab edildiyi üçün ciddi investisiya cəlb edə bilib. İranın birbaşa hədəfinə düşmək investorlarda bu şəhərlərin heç də təhlükəsiz olmadığı fikrini formalaşdıracaq. Bu da BƏƏ üçün ciddi iqtisadi problemlər yarada bilər”.
Lalə Qurbanlı