00:00:00
Yazar
Aysel Mirzəyeva
23.03.2026 21:13 221 3 dəq oxuma
Siyasət

“İran daxilində parçalanma yox, əksinə birləşmə güclənir” - ŞƏRH

“İran daxilində parçalanma yox, əksinə birləşmə güclənir” - ŞƏRH

“İranı yox etmək fikri sadəcə boş xəyaldır və bu, güclü bir millətin iradəsi qarşısında aciz qalmaq deməkdir. Təhdidlər və terror əksinə, ölkə daxilində birliyi daha da gücləndirir. Hörmüz boğazı yalnız İranın ərazi bütövlüyünü pozanlar istisna olmaqla, hamı üçün açıq qalacaq. İran döyüş meydanında edilən təhdidlərə qarşı qətiyyətlə cavab verir”, -  deyə Pezeşkian bildirib.

 

Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Pezeşkiyanın bu fikirlərində həqiqət payı çoxdur:

 

“Müharibənin ilk günlərindən İran xalqının birlik nümayiş etdirdiyinin şahidi oluruq. Təsadüfi deyil ki, artıq bu gün savaşın 24-cü günüdür və keçən bu müddət ərzində hələ də İran daxilində mövcud hakimiyyətə qarşı hər hansı bir etirazların şahidi olmadıq. Halbuki hücum edilən günlərdə belə fikirlər var idi ki, ABŞ və müttəfiqi İsrail dekabr ayının sonlarından etibarən İranda başlayan xalq üsyanlarından həmin vaxt istifadə edə bilmədiyinə görə indi hücum etməklə bundan istifadə etmək istəyir. Əksinə İran xalqını ruhlandırmaqla həm daxildən, həm də mövcud İran rejiminə təzyiq göstərmək niyyətində idilər. Amerika və müttəfiqinin belə bir addımını başa düşmək olardı. Çünki istifadə etmək üçün əlverişli şərait mövcud idi. Amma əksi baş verib. İran xalqını ali dini liderin öldürülməsi daha da birləşdirdi və onlar artıq belə bir düşüncəyə gəliblər ki, dövlətləri kənar qüvvələr tərəfindən işğal edilir. İran dövlətini yer üzündən silmək üçün Amerika və müttəfiqi hərəkətə keçib və buna görə də birlik nümayiş etdirməyə başladılar. Bu proses bu gün də davam edir. Eləcə də digər yüksək rütbəli məmurların öldürülməsi İran xalqını birləşməyə sövq etdi. 24 gün ərzində görünür ki, ölkə daxilində mövcud rejimə qarşı hər hansı aksiyaların sui-istifadə olunması cəhdlərinin şahidi olmayacağıq. Təsadüfi deyil ki, müharibə başlayan ilk günlərdən indiyə qədər xaricdə yaşayan Rza Pəhləvi dəfələrlə bundan istifadə etmək üçün İran xalqına müraciət etsə də, bu çağırışların heç biri nəticə verməyib. Xarici qüvvələrin İran dövlətini işğal etmək, onu parçalamaq və ya təsir dairəsinə salmaq istədiyi düşüncəsi xalqı birləşməyə məcbur edib. Mövcud rejim də bundan məharətlə istifadə edərək bu ideyanı cəmiyyət arasında yaymağı bacarıb”.

 

Cavanşir Abbaslı qeyd edib ki, bütün bunları nəzərə alsaq, Pezeşkianın fikirlərində həqiqət payı görmək mümkündür:

 

“Təhdidlər və terror İran xalqını birləşdirib və bu birlik bundan sonra da davam edəcək. İran cəmiyyətində xarici qüvvələrə qarşı müqavimət göstərmək üçün müəyyən ‘immunitet’ formalaşıb. Hörmüz boğazı ilə bağlı Pezeşkianın fikirlərində də müəyyən mənada daxili auditoriyanı ruhlandırmaq məqsədi görünür. Eyni zamanda burada siyasi mesaj da var, yəni biz Hörmüz boğazını hamı üçün bağlamırıq, yalnız bizə hücum edən qüvvələr üçün məhdudlaşdırırıq. İran xalqı da bunu anlayır. Milli birlik məsələsinə gəldikdə isə, mövcud rejim bu amili ön plana çıxarmağa davam edir. ABŞ və Qərb ölkələrinin bu ritorikaya reaksiyasını son 24 gün ərzində müşahidə etdik. Onlar mövcud imkanları çərçivəsində cavab verməyə davam edirlər və bundan sonra fərqli bir yanaşma gözlənilmir. Bütün resurslarını artıq işə salıblar. Hazırda görünən odur ki, İran dövləti və xalqı müqavimət göstərir. Bu dirənişin nə qədər davam edəcəyini isə zaman göstərəcək”.


Nuray Əliyeva

#birləşmə #daxilində #yeni #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər