“İran diplomatik yolla öz maraqlarını qorumağa çalışır”-ŞƏRH
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqların davam etdirilməsinin vacibliyini bildirib. O, regional əməkdaşlığın və islam ölkələri arasında koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, İranın ABŞ ilə dialoqu davam etdirmək istəməsinin əsas səbəbi vaxt qazanmaq və mövcud vəziyyətdə öz imkanlarını bərpa etməkdir:
“İran münaqişə dövründə ciddi hərbi və iqtisadi itkilərlə üzləşib. Xüsusilə uzaqmənzilli raketlər, müdafiə sistemləri və digər hərbi-texniki resursların müəyyən hissəsi istifadə olunub. Danışıqların davam etməsi İrana vaxt qazandırır və bu müddətdə həm hərbi imkanlarını bərpa etməyə, həm də tərəfdaş ölkələrdən texniki imkanlar əldə etməyə çalışır. Eyni zamanda Tehran anlayır ki, ABŞ kimi böyük hərbi güclə uzunmüddətli qarşıdurma ölkə üçün ağır nəticələr yarada bilər”.
Politoloq qeyd edib ki, Hörmüz boğazındakı vəziyyət tərəflər arasında fikir ayrılıqlarını daha da artırır:
“Hörmüz boğazı hazırda ABŞ və İran arasında əsas mübahisə mövzularından biridir. Burada dominantlığın kimdə olacağı, təhlükəsizlik və nəzarət məsələləri tərəflər arasında ciddi fikir ayrılığı yaradır. Bu isə danışıqlar prosesinə müsbət deyil, əksinə mənfi təsir göstərir və yeni böhran risklərini artırır.İranın davamlı şəkildə yeni təkliflər göndərməsinin əsas məqsədi müharibədən yayınaraq maraqlarını qorumaqdır.İran çalışır ki, qarşıdurma olmadan, diplomatik yollarla öz maraqlarını təmin etsin. Tehran hər dəfə yeni təkliflər hazırlasa da, əsas məsələlərdə geri addım atmır və strateji maraqlarını qorumağa çalışır. Təkliflərin davamlı şəkildə yenilənməsi də məhz diplomatik həll variantını qorumaq və müharibəsiz nəticə əldə etmək məqsədi daşıyır”.
Ayşə Müzəfərli