"İran Hörmüz boğazı ilə bağlı mövqeyindən geri çəkilmir" - AÇIQLAMA
Fars körfəzi ölkələri ilə İran arasında xarici işlər nazirləri səviyyəsində keçirilməsi planlaşdırılan görüş təxirə salınıb. Qərar Tehran və Məsqət arasında əldə edilən razılaşma fonunda qəbul olunub. Danışıqların əsas mövzusu Hörmüz boğazında kommersiya gəmiçiliyinin təhlükəsizliyi olsa da, regional güclərin müdaxiləsi planları dəyişib. Bu addımın regiondakı balansa necə təsir edəcək?
Mövzu ilə bağlı siyasi şərhçi Məhəmməd Əsədullazadə "İnformator.az"a açıqlamasında bildirib ki, İran, Oman və Körfəz ərəb ölkələri ilə birlikdə Məsqətdə görüş keçiriləcək və bu görüşdə xüsusilə, iqtisadi, siyasi, təhlükəsizlik əməkdaşlığı, həmçinin Hörmüz boğazının birdəfəlik açılması müzakirə ediləcəkdi:
"Tehran bu görüşdən artıq imtina etdi, görüşü təxirə saldı. Çünki Hörmüz boğazını İran tərəfinin tamamilə açması istənilmir. İranla ABŞ arasında müharibə davam edir və bu müharibədə hər hansı bir razılaşma olmadığı üçün İran hələ də Hörmüz boğazından təsir və təzyiq aləti kimi istifadə edir".
Əsədullazadə vurğulayıb ki, İran tərəfi ümumiyyətlə Hörmüz boğazının öz nəzarətində olmasını, tamamilə açılmasını qəbul etmir:
"Düşünürəm ki, İran tərəfi yalnız ABŞ ilə yekun razılaşma əldə olunarsa və İranın burada maraqları təmin olunarsa, Hörmüz boğazında tam azad naviqasiyanı tətbiq edə bilər".
Siyasi şərhçi qeyd edib ki, hazırda Omanla iki tərəfli danışıqlar aparılır və müəyyən razılaşmalar əldə olunub, amma bu, tamamilə Fars Körfəzi ərəb ölkələrini əhatə etmir:
"Bu, yalnız Omanla ikitərəfli razılaşma əsasında Hörmüz boğazından müəyyən gəmilərin keçidinə icazə verilir".
Əsədullazadə əlavə edib ki, Məsqətdə keçiriləcək görüşdə ortaq məsləhətə, ortaq məxrəcə gəlinməsi çətin olacaq:
"Hələ böhran davam edir və bu böhranın həlli istiqamətində də müəyyən bir razılaşma detalları olmadığı üçün İran tərəfi bu görüşü təxirə saldı və Hörmüz boğazı ilə bağlı öz mövqeyindən də geri çəkilmir. Yaxın perspektivdə də düşünürəm ki, İran tərəfi Hörmüz boğazı ilə bağlı mövqeyində qalacaq”, - deyə Məhəmməd Əsədullazadə fikrini tamamlayıb.
Mehriban Yariyeva