“İran iqtisadiyyatını yalnız ABŞ sanksiyaları ilə izah etmək düzgün deyil”-ASİF İBRAHİMOV
İranda inflyasiya 300 %-ə çatıb, ölkə rəhbərliyi isə tam qarışıqlıq vəziyyətindədir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp İranda inflyasiyanın 300 faizə çatdığını və ölkə rəhbərliyinin tam qarışıqlıq içində olduğunu bildirir:

“300 faizlik rəqəm rəsmi göstərici kimi qəbul edilməməlidir. İranın açıqladığı son məlumatlara görə, illik inflyasiya iyulda 66 faizə yüksəlib, ərzaq qiymətləri isə illik ifadədə 128 faizdən çox artıb. Bununla belə, rəqəmlərin hansı metodologiya ilə hesablanmasından asılı olmayaraq, İran iqtisadiyyatının ciddi inflyasiya və valyuta böhranı yaşadığı göz qabağındadır. İranın problemini yalnız ABŞ sanksiyaları ilə izah etmək də düzgün deyil. Sanksiyalar böhranı ağırlaşdıran əsas xarici amildir, amma daxildə illərlə yığılan problemlər də var: büdcə kəsiri, pul kütləsinin genişlənməsi, çoxsaylı məzənnə rejimləri, subsidiyaların yaratdığı təhriflər, bank sektorunun problemləri və zəif iqtisadi idarəetmə. Sanksiya iqtisadiyyatın nəfəsini daraldır, yanlış siyasət isə həmin şəraitdə böhranı daha da dərinləşdirir. ABŞ sanksiyalarının əsas zərbəsi İranın valyuta gəlirlərinə və beynəlxalq maliyyə sisteminə çıxışına dəyir. Neft ixracının məhdudlaşması ölkənin dollar gəlirlərini azaldır, bank və ödəniş kanallarının bağlanması isə əldə olunan valyutanın iqtisadiyyata daxil olmasını çətinləşdirir. Nəticədə ölkə idxal üçün lazım olan xarici valyutanı tapmaqda çətinlik çəkir. Bu təzyiq son aylarda daha da güclənib.Bunun ən ağır nəticəsi milli valyutanın sürətlə dəyər itirməsidir. İran rialı avqustda dollar qarşısında 2 milyon rial səviyyəsini keçərək rekord ucuzlaşıb. Rialın belə sürətlə zəifləməsi təkcə valyuta bazarının problemi deyil. İran üçün bu, birbaşa qiymət böhranıdır.Mexanizm çox sadədir, dollar bahalaşır, idxal olunan məhsul və xammal bahalaşır, istehsalçının maya dəyəri artır, həmin artım istehlakçı qiymətlərinə keçir. Üstəlik, insanlar rialın sabah daha da ucuzlaşacağından qorxaraq əllərindəki vəsaiti dollara, qızıla və digər aktivlərə çevirirlər. Bu isə rialdan qaçışı sürətləndirir və yeni qiymət artımı yaradır”.
Asif İbrahimov qeyd edib ki, ən təhlükəli məqam inflyasiyanın artıq gündəlik istehlak mallarına keçməsidir:
“Ərzaq qiymətlərinin ümumi inflyasiyadan daha sürətlə artması əhalinin real gəlirlərini sürətlə əridir. İnsanların maaşı nominal olaraq artsa belə, qiymətlər daha sürətlə yüksəlirsə, onların real alıcılıq qabiliyyəti azalır. Nəticədə iqtisadi böhran sosial böhrana çevrilir. İran hakimiyyətinin qarşısında indi sadəcə “qiymətləri necə saxlayaq?” məsələsi yoxdur. Daha fundamental problem yaranıb: əhalinin milli valyutaya və iqtisadi siyasətə inamını necə bərpa etmək olar? Mərkəzi Bank bazara milyardlarla dollar valyuta çıxara bilər, amma bu, problemin yalnız simptomunu müvəqqəti yumşaldır. Davamlı həll üçün büdcə, pul, valyuta və xarici ticarət siyasətində ciddi dəyişikliklər lazımdır”.
İqtisadçı həmçinin qeyd edib ki, İran nümunəsi başqa ölkələr üçün də ciddi dərsdir:
“Milli valyutanın sürətlə dəyər itirməsi yalnız idxalın bahalaşması demək deyil.O əhalinin yığımlarını, əməkhaqqını, investisiyanı və biznesin planlaşdırma imkanlarını da məhv edir. Valyutaya inam itəndə iqtisadiyyat dollarlaşmağa başlayır və dövlətin pul siyasətinin effektivliyi daha da azalır. Ona görə İranın hazırkı böhranını yalnız Vaşinqtonun sanksiyaları ilə, yaxud yalnız Tehran hakimiyyətinin siyasəti ilə izah etmək birtərəfli yanaşma olar. Sanksiyalar təzyiqi artırıb, amma bu təzyiqi böhrana çevirən daxili iqtisadi zəifliklərdir. Xarici təzyiqi bəhanə edib daxili problemləri görməməzlikdən gəlmək də, bütün problemləri yalnız daxili idarəetmənin üzərinə qoymaq da reallığın tam mənzərəsini vermir.
İranın qarşısındakı əsas seçim artıq iqtisadi xarakter daşıyır: valyuta və qiymət böhranını idarə olunan şəkildə sabitləşdirmək, yoxsa rialın daha da ucuzlaşmasına və inflyasiyanın özünü qidalandıran spirala çevrilməsinə imkan vermək. Bugünkü rəqəmlər göstərir ki, ikinci ssenarinin sosial qiyməti getdikcə ağırlaşır”.
Nuray Əliyeva