“İran-İsrail məsələsini yalnız müharibə həll edə bilər”-ŞƏRH
ABŞ və İsrailin tamamilə nəzarətdən çıxmaq riski olan müharibəyə son qoymasının, İranın isə qonşu ölkələrə zərbələri dayandırmasının vaxtı çatıb. Bunu BMT-nin Baş katibi Antonio Quterreş Brüsseldə Yaxın Şərqdəki vəziyyətin müzakirəsi zamanı bildirib."Bu münaqişə daha da genişlənə bilər, nəticədə mülki əhali böyük ziyan görər və savaşın dünya iqtisadiyyatı üçün nəticələri, xüsusilə, üçüncü ölkələr üçün çox ağır olar," - BMT-nin Baş katibi qeyd edib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, müharibə dayandığı təqdirdə həm İsrail, həm də İran digər ölkələri təhrik etməklə və ya ziyan vurmaqla problemi fərqli üsulla davam etdirəcəklər:
“Hər bir hadisənin sona çatması üçün lazımi şərait yaranmalı və məqam yetişməlidir. İran və İsrail arasındakı müharibə uzun illər öncədən hazırlaşılan müharibədir. Beynəlxalq hüquq və təşkilatlara gəldikdə isə, İsrail və ABŞ onlara əhəmiyyət vermirlər. Bu mənada müharibənin artıq nəzarətdən çıxdığını söyləmək olar. Əslində İran da beynəlxalq rəyə diqqət yetirməyin. İran-İsrail məsələsini yalnız müharibə həll edə bilər. Burada heç bir danışıq, müzakirə və razılıq gözləmək mümkün deyil. Qatı və barışmaz iki düşmən heç vaxt oturub razılığa gəlməz. Əslində BMT baş katibinin tövsiyəsi isə formal xarakter daşıyır. Münaqişənin həlli yolu varsa, dərhal açıqlanmalıdır. İndi isə sadəcə çağırışla müharibə dayanmaz. Bölgəyə əlavə terrorçu dəstələrin cəlb olunması nəzarətin daha da itməsinə səbəb ola bilər. Eyni zamanda Çin və Rusiyaya bağlı qruplar da xaos yarada bilərlər”.
Müsahib yeganə kompromis yolu olaraq İranın atəşkəsə razılaşması və Sepah kimi qrupların hakimiyyətdən çəkilməsini görür:
“ABŞ və İsrailin proqramı var. Əvvəlcədən elan ediblər ki, İran üzərində 4-5 həftə müəyyən əməliyyatlar həyata keçirəcəklər. Bu zaman müddəti hələ tamamlanmayıb. Yəni, ölkəni hazırkı fəlakətin astanasına gətirən dini hakimiyyət səlahiyyətlərini prezidentə versə, sivil xalqın təmsilçiləri qismində Pezeşkiyanın komandası vəziyyətdən çıxış yolu tapa bilər. Lakin buna da İranın əsas hakimiyyəti yol verməz. İran rejimi xalqın hamısını qırğına verməyə və müqəddəsləri bombalamağa belə razılıq verərsə də, xislətinə sadiq qalacaq. Prezident Pezeşkiyanın istefasını qəbul etməmələri müxalif və etirazçı cəbhənin onun ətrafında birləşməsinin qarşısını almaq üçündür. ABŞ müəyyən kompromislərə getməyə hazır olsa da, İsrail heç vaxt getməyəcək. Çünki İranla müharibəni yarımçıq dayandırmaq ilanı yaralayıb buraxmaq kimidir”.
“Müharibə başlayıbsa, nəticə olmalıdır”
“Hələ ki, nəticə görünmür, amma yaxın iki həftə ərzində ciddi nəticələr gözlənilir. İsrail və ABŞ-nin əlavə planları da mövcuddur. Prezident istefa vermək istəyirsə, bu rejimin sonunun yaxın olduğunu göstərir. Bəzi fanatik qruplar və silahlı dəstələr yalnız başqa çıxış yolu qalmadığı üçün döyüşürlər. Əks halda, bu müharibənin məğlubiyyətlə nəticələnəcəyi hər kəsə məlumdur”.

Zəri Bayramlı