00:00:00
Yazar
Zəhra Həsənova
14.04.2026 21:32 32 2 dəq oxuma
Siyasət

İran limanlarına giriş məhdudlaşdırılıb - ŞƏRH

İran limanlarına giriş məhdudlaşdırılıb - ŞƏRH

Bu məhdudiyyətlər İranın bütün sahil xəttini, o cümlədən limanları və enerji infrastrukturunu əhatə edir və limanlar, neft terminalları və sahil obyektləri ilə əlaqədə olan bütün gəmilərə şamil olunur.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, gərginliyin davam etməsi təkcə region deyil, qlobal miqyasda da iqtisadi və siyasi sabitliyə əlavə risklər yaradır:

 

"İran limanlarına girişin məhdudlaşdırılması regionda mövcud qeyri-sabitliyi dərinləşdirə və həm hərbi-siyasi, həm də iqtisadi sahələrdə ciddi fəsadlara yol aça bilər. ABŞ və İran arasında İslamabadda artıq danışıqlar baş tutub və növbəti görüşün ayın 16-sı keçirilməsi ilə bağlı razılıq mövcuddur. Lakin gərginliyin yenidən artması bu prosesə mənfi təsir göstərə, danışıqların nəticələri ilə bağlı qeyri-müəyyənlik yarada bilər. Belə olan halda tərəflər arasında eskalasiya və hətta yeni qarşıdurma ehtimalı da istisna edilmir. İran tərəfi bəyan edib ki, limanlarla bağlı təhlükəsizlik problemləri yaranarsa, bu, regiondakı digər limanlara da təsir göstərə bilər. Bu isə qarşılıqlı sərt bəyanatların davam etdiyini və diplomatik gərginliyin hələ də azalmadığını göstərir".

 

Müsahib bildirib ki, iqtisadi baxımdan nəticələr daha geniş ola bilər. Hazırda dünya neft ticarətinin təxminən 20 faizi Hörmüz boğazından keçir və bu səbəbdən regiondakı hər hansı məhdudiyyət enerji bazarına birbaşa təsir edir:


" Limanlara girişin məhdudlaşdırılması neft və digər enerji daşıyıcılarının qiymətlərinin artmasına, qlobal iqtisadiyyatda əlavə təzyiqlərin yaranmasına səbəb ola bilər. Eyni zamanda, bu marşrutlar yalnız enerji deyil, müxtəlif istehlak məhsullarının daşınmasında da mühüm rol oynayır. Azərbaycan baxımından isə birbaşa ciddi iqtisadi təsirin olacağı gözlənilmir. Bununla belə, regionda geosiyasi gərginliyin artması ölkə üçün narahatlıq doğurur. Azərbaycan həm də Şimal-Cənub nəqliyyat dəhlizinin əsas iştirakçılarından biri olduğuna görə, xüsusilə, Rusiya istiqamətində yüklərin daşınmasında müəyyən çətinliklər yarana bilər".

 

Səmayə Səftərova

#məhdudlaşdırılıb #baki #xəbər #limanlarına
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər