İran nüvə proqramını dayandırmağa hazırdır
“Nyu York Tayms” məlumat yayıb ki, İran gərginliyi azaltmaq üçün nüvə proqramını dayandırmağa və ya bağlamağa hazırdır. Lakin ABŞ-nin dəstəklədiyi regional nüvə enerjisi konsorsiumu planına üstünlük verir.
“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bu yaxınlarda Əli Xameneinin Vladimir Putinə mesajını çatdırıb və 2015-ci il müqaviləsinə əsasən İranın zənginləşdirilmiş uranının Rusiyaya göndərilməsini təklif edib”, - məlumatda bildirilib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, proqramın əsas məqsədi nüvə enerjisi deyil, lazım olanda imtina etməklə Qərblə siyasi alver etməkdir:
“İranın nüvə proqramını dayandırmaq üçün razılığa gəlməsi, təbii ki, siyasi manevr xarakterlidir. Əslində, bu proqramın həyata keçirilməsinin səbəblərindən biri də nüvə enerjisi almaqdan daha çox, lazım gələndə imtina etməklə Qərblə siyasi alver etmək olub. Ona görə ki, nüvədən imtina etməklə digər işlərini davam etdirərək ən azı rejimi ayaqda saxlamağa nail ola bilərlər. Zənginləşdirilmiş uranın Rusiyaya təhvil verilməsi daha təhlükəlidir. Danışıqları təmin edən Türkiyə olduğu halda nüvəni Rusiyaya verən İran, şübhəsiz ki, bu addımı ilə nə dünya, nə də region üçün pozitiv düşünmür. İran həmişə gərgin durum yarandıqda, ABŞ və İsrail hücuma hazırlaşdıqda, nədənsə müvəqqəti imtina edir, lakin müəyyən fürsət yaranan kimi dərhal yenidən davam edir. Bunu ABŞ də gözəl anlayır və ona görə də, bu dəfə ciddi olaraq İran üstünə gedilir. Zənginləşdirilmiş uranın Rusiyaya verilməsinə Qərb razılaşmaz. Çünki nüvənin Rusiyada olması elə İranda olması deməkdir və daha ciddi təhlükələr yarada bilər. Əgər, tələb qoyan ABŞ olaraq qəbul edilirsə, nüvənin aqibətini də ola bilsin, o müəyyən edəcək”.
Ekspert qeyd edib ki, İranın nüvə proqramı bəşəriyyət üçün ciddi təhlükədir:
“İsrail sadəcə özünə maneə hesab etdiyi qüvvələri zəiflədir ki, Fələstini tam ələ keçirə bilsin. Əslində İrandan sonra Türkiyə üzərinə gediləcəyi də söylənilir. Ola bilsin, Türkiyənin indiki dövrdə İran uğrunda səylər göstərməsi və danışıqlara ev sahibliyini öhdəsinə götürməsi də bununla bağlıdır. İranın nüvə proqramını sıradan çıxarmaqla Yaxın Şərqdə İsrail tam təhlükəsiz olaraq irəliləyiş əldə etmək istəyir. Buna baxmayaraq İranın bu proqramdan imtina etməsi də vacibdir. Çünki rejim yanlış siyasət apararaq, əslində, İsraildən və ABŞ-dən daha çox region ölkələrinə, müsəlman və ərəb dövlətlərinə problem yaradır. Buna görə də, hazırda İranı müdaifə edənlər azdır. Eyni zamanda, xalqına qarşı törətdiyi cinayət əməlini təmizə çıxarmaq mümkün deyil. İranın nüvə proqramı bəşəriyyət üçün təhlükəlidir. Hazırki durumda İran bütün regionu müharibəyə qərq edəcəyi ilə hədələyir. Əgər onun əlində nüvə silahı olarsa, bütün dünyanı təhdid edə bilər. Düşünürəm ki, İranın nüvə proqramı Rusiyaya verilməyəcək. Ya məhv ediləcək, ya da beynəlxalq təşkilatların vasitəsi ilə müvafiq olaraq həll ediləcək”.
Lalə Qurbanlı
