İran parlamentinin sədri ABŞ-a xəbərdarlıq edib
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və müttəfiqlərini regionda gərginliyi artıracaq yanlış strategiyalardan çəkinməyə çağırıb. O, “X” sosial şəbəkəsində paylaşımında bildirib ki, düşünülməmiş və tələsik qərarlar enerji infrastrukturu və bazarları sarsıdaraq vəziyyəti daha da ağırlaşdıracaq. Qalibaf vurğulayıb ki, bu cür addımların nəticəsində beynəlxalq ictimaiyyət “fərqli bir İranla” üzləşə bilər.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın ABŞ-a ünvanladığı son xəbərdarlıq, eləcə də enerji infrastrukturu və qlobal bazarlarla bağlı səsləndirdiyi fikirlər təkcə Vaşinqtona deyil, həm də regionda maraqları olan bütün beynəlxalq aktorlara ünvanlanmış strateji xəbərdarlıq xarakteri daşıyır:
“Qalibafın açıqlaması İranın ABŞ-a qarşı siyasi və psixoloji təzyiq elementlərini özündə ehtiva edir. Tehran növbəti hərbi qarşıdurma ehtimalını azaltmaq məqsədilə potensial nəticələrin miqyasını qabartmağa çalışır. "Dünya fərqli bir İranla üzləşə bilər" ifadəsi də məhz bu kontekstdə dəyərləndirilə bilər. Bu bəyanat bir tərəfdən İranın öz təhlükəsizlik maraqlarını müdafiə etməkdə qətiyyətli olduğunu göstərir, digər tərəfdən isə Vaşinqtona mümkün eskalasiyanın gözlənilməz nəticələr doğura biləcəyi barədə mesaj verir. İran rəhbərliyi yaxşı anlayır ki, ABŞ və Qərb üçün əsas həssas məsələlərdən biri enerji təhlükəsizliyi və qlobal iqtisadi sabitlikdir. Buna görə də Tehran məhz bu sahələrə diqqət çəkərək öz çəkindirmə siyasətini gücləndirməyə çalışır.
Qalibafın xəbərdarlığının regionun təhlükəsizlik balansına təsiri məsələsinə gəldikdə isə, bəyanatın özü birbaşa hərbi nəticələr yaratmasa da, mövcud gərginliyin səviyyəsini göstərən mühüm siyasi siqnaldır. Hazırda Yaxın Şərqdə İran, ABŞ, İsrail və müxtəlif regional aktorlar arasında mürəkkəb qarşılıqlı təsir mexanizmi mövcuddur. Belə şəraitdə sərt ritorika bəzən tərəflərin daha ehtiyatlı davranmasına səbəb olur, bəzən isə qarşılıqlı etimadsızlığı artıraraq riskləri yüksəldir. Xüsusilə, Fars körfəzi, Hörmüz boğazı və enerji marşrutları ətrafında baş verə biləcək növbəti hər hansı insident qısa müddətdə regional təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər. Enerji infrastrukturu və bazarlarla bağlı xəbərdarlıq isə ayrıca diqqət tələb edir. İran dünyanın ən mühüm enerji regionlarından birində yerləşir və qlobal neft daşımalarının əhəmiyyətli hissəsi Hörmüz boğazından keçir. Buna görə də bölgədə hərbi və ya siyasi gərginliyin artması beynəlxalq enerji bazarlarında dərhal psixoloji təsir yaradır və biz bunu 40 günlüj müharibə dövründə də gördük. Hətta real qarşıdurma baş vermədən belə, investorlar və bazar iştirakçıları riskləri qiymətləndirərək neft və qaz qiymətlərində dalğalanmalara səbəb ola bilirlər. Tarix göstərir ki, Yaxın Şərqdə təhlükəsizliklə bağlı hər bir ciddi bəyanat enerji bazarlarında qeyri-müəyyənliyi artırır və qiymətlərə təsir edir. Ümumilikdə Qalibafın açıqlaması Tehranın çəkindirmə siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Ancaq mövcud şəraitdə tərəflərin ritorikasından daha çox atacaqları praktiki addımlar Yaxın Şərqin gələcək təhlükəsizlik mənzərəsini müəyyənləşdirəcək əsas amil olacaq”.
Mələk Hüseynova