“İran rejimini tam devirmək İsrail və ABŞ üçün o qədər də vacib deyil”
ABŞ Prezidenti Donald Tramp İran ərazisinə hərbi qoşun göndərmək niyyətində deyil.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, əslində ABŞ İrandan istədiklərinə nail olsa, molla rejimi ilə danışıqlar baş tutub nüvə və digər mövzularda razılıq əldə olunsa hərbi müdaxilə təxirə salına bilər:
“Hazırda İrana qarşı İsrail və ABŞ-nin ciddi tədbirlər görmə niyyəti Qəzza ilə bağlıdır. İsrail Qəzzanı tamamilə insansızlaşdırıb tam nəzarətə götürmək istəyir. Bununla bağlı ərəb ölkələrini demək olar ki, ram edib. Yalnız Türkiyə və İran qalıb. Türkiyəni isə ABŞ vasitəsi ilə yola gətirmək üçün addımlar atılır. Qəzzanı son və həlledici müharibə ilə tam ələ keçirmək ərəfəsində İrandan gözlənilən təhlükəni dəff etmək üçün indiki halda işlər görülür. Əgər Qəzza planının icrası zamanı İrandan ciddi təhlükə ehtimalı qalarsa hər hansı formada İrana müdaxilə qaçılmaz olacaq. Yox, əgər danışıqlar zamanı müəyyən razılıq mərhələsinə varılsa nəinki qoşun göndərmək, heç hava hücumlarına da lüzum qalmayacaq. Bölgədə hazırda real təhlükə yoxdur. Yalnız İranda çaxnaşmalar yenidən alovlansa və daxildə terrorçu qruplar aktivləşsə bu zaman kənar müdaxilələrə ehtiyac duyula bilər ki, bu da şübhəsiz ki, ilk növbədə ABŞ olacaq. Yaxın Şərqdə ABŞ və İsrail məqsədinə nail olsa İrandan əl çəkə bilərlər. Əslində İran rejimini tam devirmək İsrail və ABŞ üçün o qədər də vacib deyil. Onlar bu rejimin fəaliyyəti sayəsində bir çox məqsədlərinə nail olurlar. Təbii ki, İrana qoşun göndərməmək İranda sabitlik baş verdiyi, islahatlar aparıldığı və mövcud siyasi kursa dəyişikliklər edildiyi təqdirdə mümkündür. Ola bilsin İran tərəfi ABŞ-yə gizli mesaj ötürüb və danışıqlara, hətta razılaşmağa hazır olduğunu bəyan edib. Ona görə də qoşun göndərmək planı təxirə salınıb”.
Aytac İbrahimova
