İran sülh sazişinin yenidən baxılmış variantını təqdim edə bilər- Politoloqdan ŞƏRH
İran yaxın günlərdə Pakistandakı danışıqlar prosesi çərçivəsində ABŞ ilə müharibənin dayandırılmasına dair təklifin yenidən baxılan variantını təqdim edə bilər.
Mövzu ilə bağlı “İnfomator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, İranın yenidən baxılan sülh təklifi təqdim etmək niyyəti ilk növbədə hərbi gərginliyi idarə olunan səviyyəyə endirmək və danışıqlar masasında təşəbbüsü öz əlində saxlamaq məqsədi daşıyır:
“Tehran anlayır ki, uzunmüddətli qarşıdurma həm iqtisadi baxımdan ölkəni daha da zəiflədir, həm də regional təcridi dərinləşdirir. Bu baxımdan, Pakistan kimi vasitəçi üzərindən təqdim olunan təklif bir tərəfdən ABŞ ilə birbaşa toqquşmadan yayınmaq, digər tərəfdən isə müəyyən güzəştlər qarşılığında sanksiyaların yumşaldılmasına nail olmaq cəhdi kimi qiymətləndirilə bilər. Eyni zamanda, İran bu addımla beynəlxalq ictimaiyyətə konstruktiv tərəf kimi görünmək və diplomatik legitimliyini gücləndirmək istəyir. Lakin belə bir qərarın qəbul olunması İran daxilində ciddi siyasi və institusional ziddiyyətlərlə üzləşir. Ölkədə qərarvermə mexanizmi monolit deyil və müxtəlif güc mərkəzləri, xüsusilə sərt xətt tərəfdarları ilə daha praqmatik yanaşmanı müdafiə edənlər arasında fikir ayrılığı mövcuddur. Sülh təşəbbüsüne radikal dairələr zəiflik kimi qəbul edə bilər və daxili siyasi risklər yarada bilər. Bundan əlavə, İranın regional strategiyası, o cümlədən müttəfiq qruplarla bağlı öhdəlikləri də manevr imkanlarını məhdudlaşdırır. Bu səbəbdən, hər hansı razılaşma yalnız xarici deyil, eyni zamanda daxili konsensusun formalaşmasından asılı olacaq”.
Nurgün Qənizadə