“İran və ABŞ arasında ciddi bir gərginlik hökm sürür”
ABŞ İrana qarşı müharibəyə hazırlıqları artırır. Qətərin Əl-Udeyd aviabazasında yerləşdirilən 12 ədəd ABŞ F-15E qırıcısı və bir ədəd Rafaele təyyarəsi Çin peyki tərəfindən görüntülənib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda İran və ABŞ arasında ciddi bir gərginlik hökm sürür:
"Hər iki tərəf müharibə hazırlıqlarını ən yüksək səviyyədə davam etdir. Amerikanın hərbi donanmaları artıq İranın ətrafında, İran sularındadır. Yəni eyni zamanda İranın ətrafında olan Amerika bazaları kifayət qədər yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirilib. Bir sözlə, bu iki dövlət arasında hər an böyük savaş başlaya bilər. Əlbəttə, bu savaşın başlanması təəssüf ki, yalnız savaş aparan tərəflər üçün deyil, region dövlətləri üçün də müəyyən risklər yaradır. Konkret olaraq İran dəfələrlə bəyan edib ki, əgər Amerika ona hücum edəcəksə, o da Amerikanın bazası olan dövlətlərə hücum edəcək. Yəni Amerikanın bazaları onun legitim bazası, hədəfləri olacaq. Eyni zamanda İsraili də hər zaman hədəfləyir və hədələyir. O cümlədən mən düşünürəm ki, bu təhdidlər bizim ölkəmiz üçün də yox deyil. İstərsə sabah bu böyük güclərin burda savaşı olacaqsa və bu savaş da bizim qonşuluğumuzda olan bir dövlətə yaxın bir ərazi olacaqsa, o bizim üçün də müəyyən təhlükələr yaradır. İranda 50 milyondan çox bizim soydaşımız yaşayır. Orada yaşayan azərbaycanlıların həyatı üçün müəyyən risklər, təhlükələr vədd edir. Məsələn, bu savaşın sonucunda İrandakı siyasi rejim nə olacaq? Onu nə əvəzləyəcək? Rejim özünü qoruyacaq yaxud da onu başqa hansı siyasi sistemlə əvəz edəcəklər və o bizim milli maraqlarımıza nə qədər uyğun olacaq? Bizim üçün risk hesab olunan məsələlərə bunları da aid edə bilərik. Əgər savaş olacaqsa və Amerika burda uğur qazanacaqsa, o zaman fərqli bir güc balansı yaranacaq”.
Həmçinin şərhçi vurğulayıb ki, İran üzərində Çinin və Rusiyanın daha ciddi təsirləri var:
“Eyni zamanda İranın da, bölgənin bir çox dövlətlərinə təsir imkanları var. Yəni bu gün Yəməndən tutmuş İraqa qədər, Livandan tutmuş Suriyaya qədər və başqa dövlətlərin ərazilərində İrana bağlı olan müəyyən güclər var. Eyni zamanda ideoloji, dini təsiri olan digər dövlətlərin ərazisində yaşayan insanlar var. Bu güc balansı dəyişə bilər. Əgər Amerika uğur qazanarsa, artıq burda İranın təsirində olan və İrana daha ciddi şəkildə təsir edən güclərin zəifləyəcəyini, yəni ən azı bu qlobal cənubun zəifləyəcəyini görəcəyik. İranın müqaviməti ciddi olarsa, Amerikanın geri çəkilməsini məcbur edərsə, o halda qlobal cənub güclənə bilər və İranın bölgə dövlətlərinə də təsiri və yaxud da təhdidi də arta bilər. Hər halda indi o proseslərdən asılıdır. Çin peyklərinin Amerika bazalarını izləməsində təəccüblü bir şey yoxdur. Amerikanın peykləri də Çinin və Çinin müttəfiqlərini, Çinin hərbi gücünü daimi nəzarətdə saxlayır. Bildiyim qədər orda elə bir məhdudiyyət yoxdur. Hər halda bu onu əsas verir ki, Çin Amerikanın bu təhdidlərini qəbul etmir. Amerikanın İrana olan bu şərtlərini və İrana qarşı müharibə istəklərini təbii ki, öz maraqlarına zidd hesab eləyir. Hər halda bu bir dost ölkə münasibəti deyil. Çin peyklərinin ordakı Amerika bazalarındakı gerçək vəziyyəti görməsi, bilməsi Amerikanın planlarını yəqin ki, dəyişməyə gətirib çıxartmayacaq. Bütün hallarda bu gün Amerika, İran qarşıdurması əslində Amerika Çin qarşıdurmasının bir mərhələsidir. Yəni bu gün İran Çini gücləndirir. Amerikada İranı belə zəiflətməklə sıradan çıxarmaqla Çini müttəfiqlərdən və güclənmədən məhrum eləyir".
Günel Əlili
