00:00:00
Yazar
Güllər Gülhüseynova
04.08.2026 19:10 26 2 dəq oxuma
Siyasət

İran və ABŞ arasında Hörmüz qarşıdurması dərinləşir

İran və ABŞ arasında Hörmüz qarşıdurması dərinləşir

ABŞ Hörmüz boğazına tam nəzarət edir, razılaşma əldə olunana və ya Tehran təslim edilənə qədər İrana qarşı dəniz blokadasını davam etdiriləcək.

 

ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" sosial media platformasında yazıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlqmasında bildirib ki, Hörmüz boğazındakı real vəziyyətlə bağlı ziddiyyətli açıqlamalar verilir:

 

“Vaşinqton Hörmüz boğazına tam nəzarət etdiyini bildirir və eyni zamanda İranla danışıqların davam etdiyini vurğulayır. Hətta ABŞ-nin NATO-dakı daimi nümayəndəsi bildirib ki, Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması indiyədək heç vaxt olmadığı qədər yaxın görünür. Bütün bunlar onu deməyə əsas verir ki, Hörmüz boğazı ətrafında vəziyyət hələ də ziddiyyətli və qeyri-müəyyən olaraq qalır. İran Silahlı Qüvvələri isə cəmi bir neçə saat əvvəl bəyan edib ki, ABŞ-nin Hörmüz boğazına alternativ gəmi keçid marşrutu yaratması mümkün deyil. Tehran xəbərdarlıq edib ki, belə bir cəhd olarsa, hərbi eskalasiya yenidən alovlana bilər. İran açıq şəkildə bildirir ki, onun nəzarətindən kənarda boğazda gəmiçiliyin tam bərpası mümkün deyil. Eyni zamanda, Tehran Omanla Hörmüz boğazı üzərində birgə nəzarət mexanizmi yaratmaq üçün razılığa gəlməyə çalışır. ABŞ-nin, eləcə də Donald Trampın isə Hörmüz boğazında gəmiçiliyin tam bərpası ilə bağlı öz planları var. Vaşinqton nə boğazın İranın tam nəzarətində olmasını, nə də buradan keçən gəmilərdən müxtəlif adlar altında ödənişlərin alınmasını qəbul edir”.

 

Siyasi şərhçi həmçinin bunu da qeyd edib ki, hazırda Hörmüz boğazında hərbi baxımdan üstünlük İranın əlindədir. Əks halda, xüsusilə neft daşıyan tankerlərin boğazdan sərbəst keçidində ciddi problemlər yaranmazdı:

 

“Hörmüz boğazı ətrafında gərginliyin və qeyri-müəyyənliyin davam etməsi ilk növbədə region ölkələrinə təsir göstərir. Xüsusilə Körfəz ölkələri enerji ixracı baxımından ciddi çətinliklərlə üzləşirlər. Məhz buna görə də bəzi Körfəz dövlətləri Hörmüz boğazından yan keçən alternativ ixrac marşrutları üzərində işləyirlər. Avropaya neft nəqlini təmin edəcək minlərlə kilometr uzunluğunda yeni boru kəmərləri və logistika marşrutları da müzakirə olunur. Əgər həqiqətən də bu istiqamətdə belə ciddi addımlar atılırsa, deməli, Donald Trampın Hörmüz boğazına ABŞ-nin tam nəzarət etdiyi barədə açıqlamaları ciddi suallar doğurur. Bununla belə, Hörmüz boğazı ətrafında eskalasiya davam etdikcə, İran və ABŞ arasında hər hansı genişmiqyaslı razılaşmanın əldə olunması da olduqca çətin görünür”.

 

Güllər Gülhüseynova

#Hörmüz #ABŞ #İran #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər