00:00:00
Yazar
Zəhra Həsənova
18.02.2026 21:52 12 2 dəq oxuma
Siyasət Özəl

İran və ABŞ əsas prinsiplər barədə razılığa gəlib

İran və ABŞ əsas prinsiplər barədə razılığa gəlib

İran və ABŞ əsas prinsiplər barədə razılığa gəlməsi ilə bağlı İran xarici işlər naziri Abbas Əraqçi Cenevrədə ABŞ-lə dolayı nüvə danışıqlarının ikinci turundan sonra jurnalistlərə açıqlamasında bildirib. Əraqçi diqqətə çatdırıb ki, yaxşı irəliləyiş əldə olunub, potensial razılaşma bu prinsiplər üzrə müəyyən ediləcək.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, 
razılaşma təhlükəsizlik balansını yumşalda bilər, amma geosiyasi rəqabəti tam aradan qaldırmayacaq:

 

“Cenevrədə aparılan dolayı danışıqlarda prinsiplər üzrə ilkin razılığın əldə olunması Yaxın Şərqdə psixoloji gərginliyin azalmasına xidmət edə bilər, amma bu, avtomatik şəkildə strateji etimadın bərpası demək deyil. Əgər tərəflər həqiqətən çərçivə prinsiplərində ortaq nöqtə tapıblarsa, bu, İsrail-İran xəttində birbaşa eskalasiya riskini müvəqqəti azalda, Fars körfəzi regionunda isə hərbi toqquşma ehtimalını aşağı sala bilər. Bununla belə, İsrail Tehranla bağlı təhlükəsizlik narahatlıqlarını dəyişməyəcək və mümkün razılaşmanı yalnız İranın real və ölçülə bilən nüvə məhdudiyyətləri fonunda qəbul edəcək. Körfəz ölkələri isə prosesə daha praqmatik yanaşır: onlar üçün əsas məsələ İranın nüvə proqramının nəzarət altına alınması və regionda proksi fəaliyyətlərin azalmasıdır. Yəni, razılaşma təhlükəsizlik balansını yumşalda bilər, amma geosiyasi rəqabəti tam aradan qaldırmayacaq”.

 

Siyasi şərhçinin sözlərinə görə, hüquqi mürəkkəblik və siyasi etimadsızlıq razılaşmanın ən böyük çətinliyidir:

 

“Razılaşma mətninin çətinliyi isə həm hüquqi, həm də siyasi müstəvidədir. Hüquqi baxımdan əsas problem sanksiyaların mərhələli ləğvi mexanizmi, zəmanət mexanizmləri və nəzarət prosedurlarının detallarıdır. İran əvvəlki təcrübədən çıxış edərək ABŞ administrasiyasının gələcəkdə sazişdən çıxmayacağına dair təminat istəyəcək, amma ABŞ Konqres sistemi çərçivəsində belə zəmanətləri hüquqi baxımdan sərt formada vermək çətindir. Siyasi baxımdan isə hər iki tərəfdə daxili müqavimət mövcuddur: Vaşinqtonda İranla yumşalma əleyhinə güclü mövqe var, Tehranda isə Qərbə etimadsızlıq dərin kök salıb. Əgər razılaşma əldə olunarsa, bu, İranın region siyasətində daha çox iqtisadi nəfəs alma və diplomatik manevr imkanı yaradacaq, ABŞ üçün isə regionda birbaşa hərbi eskalasiya riskini azaltmaq və diqqəti digər qlobal prioritetlərə yönəltmək imkanı verəcək. Ancaq bu razılaşma belə, tərəflər arasında strateji rəqabəti deyil, yalnız idarə olunan qarşıdurma modelini formalaşdıracaq”.

 

Zəri Bayramlı

#prinsiplər #azərbaycan #əsas #razılığa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər