“İran və Misirin təması böhranın dərinləşməsinin qarşısını ala bilər”
İran və Misirin xarici işlər nazirləri regionda artan gərginliyin azaldılması və sabitliyin təmin olunması yollarını müzakirə ediblər. Tərəflərin diplomatik təmasları Yaxın Şərqdə davam edən qarşıdurmalar fonunda xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda Yaxın Şərqdəki münaqişə meydanında gərginliyin azaldılması məqsədi ilə region dövlətləri müəyyən səylər göstərirlər:
“İran və Misir XİN rəhbərlərinin də regional gərginliyin azaldılması ilə bağlı müzakirələri Yaxın Şərqdə böhranın dərinləşməsinin qarşısını almaq üçün mühüm addımdır. Bu təmaslar tərəflər arasında diplomatik kanalların işlək olduğunu göstərir və gərginliyin eskalasiyasını cilovlamağa kömək edə bilər. Tərəflər arasında gərginliyin azaldılması üçün birbaşa fikir mübadiləsi aparılır. Regional aktorların dialoqunun bərpası ümumi sabitliyə xidmət etmə məqsədi daşıyır. Eyni zamanda, qəfil hərbi eskalasiya riskini minimuma endirir. Misir həm Qərb, həm də region ölkələri ilə əlaqələrə malikdir. Ona görə də Qahirə ənənəvi olaraq Yaxın Şərq münaqişələrində vasitəçi rolunu oynaya bilər.Tərəflər arasında vasitəçilik real yumşalmaya səbəb ola bilər, lakin dərin ziddiyyətlər hələ də qalmaqdadır. İsrailin məlum siyasətinə qarşı münasibətdə İran və Misir fərqli üslubda olsa da eyni mövqedən çıxış edə bilər”.
Nuray Əliyeva