“İran vaxt qazanır, ABŞ isə təzyiqi artırır”
“İran və ABŞ arasındakı müharibə vəziyyətində İsrailin böyük rolu var”.
Bu sözləri Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib.
Politoloqun sözlərinə görə, İran təkcə ABŞ-nin deyil, həm də İsrailin maraqlarına cavab vermək vəziyyətində qalır və bu da Yaxın Şərqdəki durumla bağlıdır:
“Məlumdur ki, İsrail-Həmas müharibəsinin durması və atəşkəsə keçiddən sonrakı mərhələ hələ tam həyata keçirilməyib. Bu prosesdə İsrail İranın və proksi qüvvələrinin təhdidini neytrallaşdırmaq istəyir ki, istəyinə tam nail olsun. İsrailin bu planı Türkiyə üçün narahatlıq yaradır. Beləliklə ABŞ-nin rəhbərliyi ilə İrana qarşı zəiflətmə icraatına başlayıb. Hazırda ABŞ-nin İrandan əsas üç tələbi var: nüvənin zənginləşdirilməsindən imtina etmək, proksi qüvvələrə yardımı kəsmək və uzaqmənzilli raketlərin istehsalını dayandırmaqdır. ABŞ əslində bu mövzuda İranla dəfələrlə danışıq aparıb. Lakin İran dolayı yolla yenidən nüvə ilə bağlı proqramına davam edib, proksilərə dəstək verib. Hazırkı gərgin durumu nəzərə alaraq demək olar ki, İran vaxt qazanmaq üçün yenidən yumşaq açıqlamalar verir. Lakin sözü gedən üç məsələnin heç birinizdən tam imtina etmək fikrində deyil. Dinc məqsədlərlə zənginləşdirilən Uranın az sonra nadinc məqsədlərlə istifadəyə yönəldilməsi mümkündür. Məhz bu səbəbdən də ABŞ və ümumiyyətlə beynəlxalq təşkilatlar İranın indiki rejiminin əlindən bu istehsalın çıxmasını istəyir”.
Politoloq vurğulayır ki, İran rejiminin etirazçıları qırması da vəziyyəti gərginləşdirib danışıqlara mane olur:
“Hücum və müharibə də ola bilsin, hər şeyi ABŞ-nin arzu etdiyi kimi etməsin. Lakin danışıqların da nəticə verəcəyinə ümid azdır. Vaxtilə İraq və Liviyaya qarşıda Qərbin eyni təziqləri fonunda həmin ölkələr nüvə istehsalından imtina edib. Lakin bir müddət sonra o ölkələrə qarşı sanksiyalar qaldırılsa da, hərbi müdaxilə edilərək hakimiyyət devrilib. İran bu cür davam etsə Qərbin, xüsusən də ABŞ-nin onu rahat buraxması da mümkün deyil. Çünki beynəlxalq təşkilatların məlumatına görə İran artıq kifayət qədər uranı zənginləşdirib. Xüsusən, İsrail bununla bağlı Qərbi narahat edir və özünün təhlükəsizlik məsələsini gündəmə gətirir. Odur ki sözü gedən tələblərə İranın tabe olması zəminində və islahatlar aparıldığı təqdirdə müharibə vəziyyəti aradan qalxa bilər. Amma İranın da buna getməsi mümkünsüz görünür”.
Son olaraq politoloq qeyd edib ki, Xarici İşlər nazirinin açıqlamaları hələlik vəziyyəti yumşaltmaq xarakteri daşıyır:
“Lakin mühafizəkar dairələr və əsas da ali dini liderin ABŞ-nin şərtlərini qəbul edəcəyi çətin görünür. Bu danışıqlar yalnız İran rejiminin vaxt qazanması deməkdir ki, müxtəlif addımlar atsın. Daxili narazılıqlar və kütləvi etirazlar, habelə bu etirazlarda kütləvi insan tələfatı, eyni zamanda rejimin meydan oxuması danışıqların müsbət nəticə verməsini şübhə altına salır. Əsasən, Türkiyə çalışır ki, müharibə ritorikası masadan qaldırılsın. Təbii ki, İranın da müəyyən məsələlərdə güzəştə getməsi vacibdir ki, danışıqların nəticəsi olsun. ABŞ-nin İsrailin təkidi ilə müharibəyə daha çox can atması mənfi nəticələr doğura bilər. Hər halda tərəflər vasitəçilərlə bu məsələdə yekun danışıqlar həyata keçirməlidir. Trampın İrana ultimatumları təhdid xarakterlidir və rejimə boyun əydirmək məqsədi daşıyır. Əgər İran ABŞ-nin şərtlərinə razı olmasa hərbi müdaxilə mümkündür. ABŞ-nin strateji məqsədi ilk növbədə İsrailin təhlükəsizliyini və Qəzzada tam istədiyi kimi hərəkət etməsinə şərait yaratmaqdır. Eyni zamanda, İranda rejimi dəyişməyə maksimal şəkildə nail olub regionda nəzərdə tutduğu layihələri həyata keçirməkdir. Bunun da təfsilatı tam məlum deyil. Qarşıya çıxacaq nəticələrə görə planların icrası dəyişə bilər. Burada Pəhləvinin hakimiyyətə gətirilməsi məsələsi də var. Ümumiyyətlə İranla müharibə ABŞ-nin regiondakı fəaliyyətinə təhdid yaradır. Bazalarının yerləşdiyi müttəfiqləri üçün risk meydana gətirib ki, bu da iqtisadi və təhlükəsizlik problemləri deməkdir”.
Nuray Əliyeva
