İran xarici banklardan bütün pullarını çəkib
İran bankları dondurulacağını bildikləri üçün xarici hesablarda vəsait qoymayıb.
Bunu İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya şöbəsinin müdir müavini Həmid Qənbəri deyib.
Qeyd edək ki, AB İrana qarşı 2015-ci ildə dayandırılmış sanksiyaların qismən bərpa olunduğunu elan edib.
Mövzu ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, İranın xarici banklardan bütün vəsaitlərini geri çəkməsi və bunu vaxtında həyata keçirməsi müsbət addım kimi qiymətləndirilir:
“Bu qərar ölkənin iqtisadiyyatının qorunması və maliyyə dayanıqlığının təmin olunması baxımından əhəmiyyətli hesab olunur. Həmçinin likvidliyin qarşısının alınması və xarici valyutaya qarşı sabitliyin yaradılması istiqamətində mühüm addımdır.
Məlumdur ki, İran uzun illərdir həm Avropa Birliyi, həm də ABŞ-lə iqtisadi çəkişmələr yaşayır. Müxtəlif dövrlərdə ölkəyə qarşı sanksiyalar tətbiq olunub. Buna baxmayaraq, İran iqtisadiyyatı dayanıqlığını qorumağı bacarıb. Bu, ilk növbədə ölkənin yüksək ixrac potensialı ilə bağlıdır. İran idxaldan asılı deyil, istehsal üçün lazım olan əsas məhsul və ləvazimatların böyük hissəsini özü istehsal edir və ixrac edir. Yəni, ölkənin iqtisadiyyatı yalnız təbii sərvətlərdən və enerji resurslarından əldə olunan gəlirlərlə deyil, həm də daxili istehsal və ixrac hesabına sabitliyini təmin edə bilir. Hazırda məhsulların 95 faizdən çoxu ölkə daxilində istehsal olunur və ixrac edilir. Bu baxımdan xarici banklardan vəsaitlərin geri çəkilməsi iqtisadi dayanıqlığın qorunması üçün mühüm addım kimi qiymətləndirilir.
İranın bu qərarı likvidlik baxımından xüsusi əhəmiyyət daşıyır. Qısa müddətdə risklərin qarşısının alınmasına xidmət edir. Lakin uzunmüddətli nəticələr qlobal proseslərdən asılı olacaq”.
İqtisadçı ekspert qeyd edib ki, Avropa Birliyi və ABŞ-nin tətbiq etdiyi sanksiyalar müəyyən vaxtlarda yumşaldılsa da, bu, əksər hallarda kağız üzərində qalır:
“Hər an həmin sanksiyaların yenidən bərpa olunması və yeni məhdudiyyətlərin tətbiqi riski mövcuddur. Bu səbəbdən İranın xarici banklardan vəsaitlərini geri çəkməsi də məhz həmin təhlükədən xəbər verir”.
Günay Hüseynova son olaraq açıqlamasına əlavə edib ki, eyni zamanda, beynəlxalq bank sistemində bu qərar müəyyən inamsızlıq fonu da yaradır:
“İranın geri çəkilmə addımı hazırda qısa müddətli tədbir təsiri bağışlayır. Uzunmüddətli nəticələr isə geosiyasi balansın dəyişməsindən, iqtisadi proseslərdən və mümkün yeni sanksiyalardan asılı olacaq.
Proqnozlara görə, İran bundan sonra Qərbdən və ABŞ-dən daha çox uzaqlaşaraq yeni ticari tərəfdaşlara – xüsusilə Rusiya və Çinə yönələcək. Xarici banklardan çəkilən vəsaitin isə yerli istehsala və yeni ticari əməkdaşlıqlara sərf olunacağı gözlənilir. Onsuz da ölkə iqtisadiyyatının əsas gəlir mənbələrindən biri ixracdır. Buna görə də ehtimal olunur ki, geri çəkilən vəsait daxili istehsalın gücləndirilməsinə və gəlirliliyin konpensasiya edilməsinə yönəldiləcək”.
Ləman Mahmudlu
