İran yenidən danışıqlar masasına qayıdacaq
ABŞ Prezidenti deyib ki, bu, əvvəllər Venesuelaya qarşı görülən tədbirlərə bənzəyəcək, lakin daha geniş miqyasda olacaq.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, son danışıqların nəticəsiz qalması da tərəflərin mövqelərinin kəskin şəkildə fərqləndiyini göstərir:
"İranla Venesuelanın müqayisə edilməsi düzgün yanaşma hesab olunmur. Bu iki ölkə həm siyasi rejim, həm də tarixi inkişaf baxımından ciddi şəkildə fərqlənir. İranın mövcud sistemi və ABŞ ilə münasibətləri Venesuela ilə müqayisədə daha mürəkkəb və dərin xarakter daşıyır. İran minillik dövlətçilik ənənələrinə malik, ideoloji əsaslar üzərində qurulmuş bir rejimdir. Venesuela isə daha çox siyasi və klan xarakterli idarəetmə modeli ilə fərqlənir. Bu səbəbdən ABŞ-nin Venesuelada tətbiq etdiyi yanaşmanı İrana tətbiq etməyə çalışması reallığı tam əks etdirmir. İranın daha davamlı və müqavimət qabiliyyətli olması belə müqayisələrin yanlış olduğunu göstərir. Eyni zamanda, ABŞ ilə İran arasındakı münasibətlər uzun illərə söykənən gərgin və ideoloji qarşıdurma üzərində qurulub".
Müsahib bildirib ki, bu isə danışıqlar prosesini daha çətin və nəticəsiz edən əsas amillərdən biridir:
"Son danışıqların nəticəsiz qalması da tərəflərin mövqelərinin kəskin şəkildə fərqləndiyini göstərir. İranın danışıqlar masasına qayıtması tam istisna olunmur. Lakin bu prosesin ABŞ-nin maksimalist tələbləri əsasında baş verməsi real görünmür. Çünki İran bu cür şərtləri qəbul edərsə, bu onun həm daxili siyasi sabitliyinə, həm də beynəlxalq mövqeyinə ciddi zərbə vura bilər. Bu baxımdan, danışıqların bərpası yalnız qarşılıqlı razılaşma və beynəlxalq hüquq çərçivəsində mümkün ola bilər. Əks halda, tərəflər arasında razılaşmanın əldə olunması və uzunmüddətli nəticənin ortaya çıxması çətin olaraq qalır".
Səmayə Səftərova