İran zənginləşdirilmiş uranı Çinə verə bilər
ABŞ və İran arasında davam edən danışıqlar fonunda Tehranın zənginləşdirilmiş uranı Çinə göndərə biləcəyi barədə xəbərlər gündəmi silkələyib. Qərb mediasının yaydığı məlumatlara görə, İran 60 faizədək zənginləşən uranın ölkədən çıxarılması variantını müzakirə edir və bu materialın Çində saxlanılması ehtimalı nəzərdən keçirilir.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, bir müddət bundan öncə İranın yeni dini lideri Müctəba Xameneinin zənginləşən uranın ölkədən çıxarılmasına qarşı fətva verdiyi ilə bağlı informasiya yayılıb:
“Bu baxımdan düşünmürəm ki, İran hakimiyyəti ABŞ ilə müzakirə olunan nüvə razılaşması sahəsində ciddi irəliləyiş əldə edəcək və bu məqsədlə də zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına ehtiyac yaranacaq. Hələlik tərəflər arasında danışıqlar bu mərhələyə gəlib çatmadığı üçün müxtəlif mənbələrə istinadən yayılan xəbərlər informasiyadan daha çox dezinformasiya xarakteri daşıyır. Vaxtaşırı digər İran rəsmilərinin açıqlamalarına diqqət etsək görərik ki, onlar hələlik müharibəyə səbəb ola biləcək tələblərin heç birini yerinə yetirməyə hazır deyillər. Əksinə, bu məsələlərdə daha da israrlıdırlar. Söhbət nüvə tədqiqatlarının İran tərəfinin iddia etdiyi kimi dinc məqsədlərlə davam etdirilməsindən geri çəkilməməkdən, zənginləşdirilmiş uranı ölkədə saxlamaqdan, uranın zənginləşdirilməsi prosesini davam etdirməkdən və raket proqramını inkişaf etdirməkdən gedir. Ona görə də müxtəlif qurumlar və media strukturları tərəfindən yayılan informasiyaların həqiqəti tam əks etdirdiyini düşünmürəm. Bu məlumatlar daha çox dezinformasiya xarakteri daşıyır”.
Politoloqun sözlərinə görə, hətta yayılan informasiya reallığı əks etdirsə belə, mənə elə gəlir ki, İran zənginləşdirilmiş uranı Çinə təhvil versə, ABŞ və İsrail tərəfi bu vəziyyətdən tam məmnun qalmayacaq:
“Çünki bu gün İranla qarşıdurmanın əsas səbəblərindən biri də İranın Çinlə yaxınlaşmasının qarşısını almaqdır. Başqa sözlə, Çinə dəstəyin məhdudlaşdırılması məqsədi güdülür. Məsələ bu şəkildə həll olunsa, bu nəinki İranı Çindən uzaqlaşdırar, əksinə, İran-Çin münasibətlərinin daha da dərinləşməsinə səbəb ola bilər. Buna görə hesab edirəm ki, problemin bu istiqamətdə həlli nə ABŞ-ni, nə də İsraili tam qane edəcək bir variant deyil”.
Selcan Xudiyeva