00:00:00
Yazar
Admin User
13.01.2026 17:21 123 2 dəq oxuma
Siyasət

İrana qarşı bütün tədbirləri görəcəyik

İrana qarşı bütün tədbirləri görəcəyik

Almaniya xarici işlər naziri Yohann Vadeful bildirib ki, İranda rejim açıq-aşkar bütün legitimliyini itirib və artıq İran xalqının dəstəyi yoxdur.

 

“Sanksiyalar da daxil olmaqla, bu rejimə qarşı əlimizdə olan bütün tədbirləri tətbiq edəcəyik”,-o bildirib.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, bu mesaj İran üçün o qədər də yaxşı situasiya deyil:

 

“İran onsuz da beynəlxalq sanksiyalar şəraitində mövcudluğunu qorumağa çalışır. Eyni zamanda, hazırda İranda baş qaldırmış kütləvi etiraz dalğasının da əsas səbəblərinin sırasında elə beynəlxalq sanksiyalar dayanır. Çünki İrana qarşı bütün sanksiyalar öz növbəsində ölkə daxilində situasiyanın gərginləşməsinə, sosial-iqtisadi vəziyyətin ağırlaşmasına yol açır və bu da indiki kütləvi etiraz dalğasını doğurub. Təbii ki, burada İran hakimiyyətinin yanlış daxili siyasəti birmənalı rol oynayır. Eyni zamanda, xarici siyasətindəki neqativ hallar da beynəlxalq sanksiyalara səbəb olur. Bu iki faktor, yəni İran hakimiyyətinin xarici və daxili siyasətində yol verilən səhvlər son nəticədə ölkədə belə bir xaos situasiyası yaradır. İndi, əgər Almaniya əlavə sanksiyalar tətbiq edərsə, o zaman İranda situasiyanın daha da ağırlaşma ehtimalı arta bilər. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, əgər Avropa Birliyinin avanqard ölkələrindən biri olan Almaniyanın əlavə sanksiyalar tətbiq etmək qərarı olarsa, bu o deməkdir ki, Avropanın digər ölkələri də Almaniyanın hərəkətini örnək ala bilərlər. Sanksiyalar dalğası genişlənə bilər və bu da İran üçün sarsıdıcı zərbə xarakteri daşıyır”.

 

Politoloq bunu da qeyd edib ki, Avropa ölkələri İrandakı hakimiyyəti daha da zəiflətmək üçün konkret addımlar atmaq niyyətinə düşüblər və bu, əsasən iqtisadi sanksiyalar kimi özünü göstərir:

 

“Təbii ki, Almaniyanın belə bir addım atmasında yalnız mövcud siyasi rejimə qarşı mübarizə ilə yanaşı, ABŞ-ni dəstəkləməsi də rol oynayır. Çünki Almaniya bununla ABŞ-nin İrana qarşı sərt siyasətini dəstəklədiyini biruzə vermiş olur. Təbii ki, bütün bu proseslər son nəticədə İranda siyasi rejimin daha ağır vəziyyətə düşməsinə hesablanıb. Böyük ehtimalla, bu proses hansısa mərhələdə İranda hakimiyyətdə olan qüvvələr üçün qırmızı cizgi xarakteri almağa başlayacaq. Həmin qırmızı cizgidən sonra İran hakimiyyəti artıq seçim məcburiyyətində qalacaq. Əgər bu istiqamətdə adekvat addımlar atılmasa, o deməkdir ki, siyasi rejim radikal mövqedən çıxış etmək qərarına gəlib və həm daxili etiraz dalğasına, həm də xarici təzyiqlərə qarşı sona qədər müqavimət göstərmək niyyətinə düşə bilər. Bu da nəticədə həm bütövlükdə İran dövlətçiliyi, həm də İran əhalisi üçün tamamilə neqativ bir prosesin başlanması demək olardı”.


Lalə Qurbanlı


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər