00:00:00
Yazar
Güllər Gülhüseynova
01.05.2026 20:45 26 2 dəq oxuma
Siyasət

İrana qarşı blokada və dəniz məhdudiyyətləri tətbiq etmək cəhdi uğursuzluğa məhkumdur - Pezeşkian

İrana qarşı blokada və dəniz məhdudiyyətləri tətbiq etmək cəhdi uğursuzluğa məhkumdur - Pezeşkian

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib ki, İrana qarşı məhdudiyyətlər və dəniz blokadası tətbiq etmək üçün edilən hər hansı bir cəhd uğursuzluğa məhkumdur.

 

Mövzu ilə bağlı Züriyə Qarayeva “İnformator.az” açıqlamasında bildirib ki, Pezeşkianın açıqlamaları müəyyən qədər hərbi reallıqlara söykənsə də, əsasən qarşı tərəfə psixoloji təsir məqsədi daşıyır:

 

“Pezeşkianın blokada cəhdlərinin uğursuz olacağını deməsi müəyyən qədər real hərbi-siyasi hesablamalara söykənir, amma bu, daha çox siyasi mövqe və psixoloji təsir mesajı xarakteri daşıyır. İran coğrafi baxımdan Hörmüz boğazına nəzarət imkanlarına malikdir və bu, qlobal enerji marşrutlarının ən həssas nöqtələrindən biridir. Tehran dəfələrlə göstərib ki, o, asimmetrik cavab vasitələrindən istifadə edə bilir, yəni klassik donanma gücündən çox sürətli katerlər, raket sistemləri və regiondakı təsir şəbəkəsi ilə risk yaradır. Bu baxımdan blokada tətbiq etmək texniki olaraq mümkün olsa da, onun təhlükəsiz və davamlı şəkildə həyata keçirilməsi son dərəcə çətin və risklidir. Ona görə də Pezeşkianın bəyanatı tam əsassız deyil, amma bu, eyni zamanda qarşı tərəfi çəkindirməyə yönəlmiş siyasi ritorikadır”.

 

Ekspert qeyd edib ki, İrana qarşı mümkün dəniz blokadası yüksək riskli olmaqla yanaşı, uzunmüddətli perspektivdə regionda gərginliyi artıra bilər:

 

“İrana qarşı dəniz blokadasının effektivliyi isə daha çox beynəlxalq koalisiyanın miqyası və əməliyyatın davamlılığından asılı olacaq. Qısa müddətli təzyiq vasitəsi kimi blokada müəyyən təsir göstərə bilər, xüsusilə iqtisadi baxımdan, amma uzunmüddətli perspektivdə bu, regionda geniş eskalasiya riskini artırır. İran belə vəziyyətdə yalnız müdafiə mövqeyi tutmaqla kifayətlənməz, eyni zamanda enerji daşımalarına təsir etməklə qlobal bazarda qiymətləri yüksəldən addımlar ata bilər. Bundan əlavə, Tehran qeyri-dövlət aktorları və regional təsir imkanları vasitəsilə təzyiqi yaymaq strategiyasına da malikdir. Bu səbəbdən mümkün blokada nə tam effektiv, nə də aşağı riskli ssenari hesab olunur, əksinə, qarşılıqlı zərər və qeyri-müəyyənlik yaradan yüksək riskli geosiyasi addım kimi qiymətləndirilir”.

 

Lalə Qurbanlı

#İran #Tehran #Pezeşkian #Hörmüz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər