İrana qarşı Hörmüz blokadası başlayır
Vaşinqton administrasiyası beynəlxalq dəniz daşımaları və regional təhlükəsizliklə bağlı strateji qərarını açıqlayıb. Bu gündən etibarən Hürmüz boğazında İrana məxsus və bu ölkənin limanları ilə əlaqəli olan gəmilərin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Bakı vaxtı ilə saat 18:00-da qüvvəyə minən bu "dəniz blokadası" regionda hərbi-siyasi vəziyyəti yenidən gərginləşdirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirir ki, İran ətrafında Hörmüz boğazı “dəniz blokadası” kimi təqdim olunan hər hansı məhdudiyyət qərarı beynəlxalq sistemdə ən yüksək risk kateqoriyasına aid addımlardan biridir:
“Çünki bu boğaz təkcə regional strateji nöqtə deyil, eyni zamanda qlobal enerji təhlükəsizliyinin əsas damarlarından biridir. Bu səbəbdən belə bir addımın hüquqi, iqtisadi və hərbi nəticələri bir-biri ilə sıx bağlı şəkildə ortaya çıxır və qlobal sistemə domino effekti yarada bilir.Beynəlxalq hüquq müstəvisində əsas prinsip açıq dənizlərdə və beynəlxalq boğazlarda sərbəst gəmiçilik hüququdur. Bu həm beynəlxalq hüquq, həm də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində formalaşmış dəniz hüququ normaları ilə qorunur. Xüsusilə,1982-ci il BMT Dəniz Hüququ Konvensiyası tranzit keçid hüququnu təmin edir və Hörmüz kimi boğazlarda bu hüququn məhdudlaşdırılması yalnız çox dar və xüsusi hallarda mümkündür. Əgər belə bir blokada BMT Təhlükəsizlik Şurasının mandatı olmadan və birtərəfli şəkildə həyata keçirilirsə, bu, beynəlxalq hüquqda legitimliyi mübahisəli olan güc tətbiqi kimi qiymətləndirilir”.
Həmçinin Rəşad Bayramov bildirir ki, iqtisadi təsirlərə gəldikdə isə bu dərhal və qlobal miqyasda hiss olunacaq:
“İran üçün Hörmüz boğazı strateji ixrac arteriyasıdır və ölkənin neft və qaz ixracının böyük hissəsi bu marşrutdan keçir. Hərəkətə məhdudiyyətlər tətbiq edildikdə, ilk mərhələdə ixrac həcmləri azalır, logistik xərclər artır və sığorta riskləri kəskin yüksəlir. Lakin təsir təkcə İranla məhdudlaşmır. Hörmüzdən gündəlik keçən enerji resursları qlobal neft ticarətinin mühüm payını təşkil etdiyi üçün bu boğazdakı hər hansı pozuntu dünya bazarında qiymətlərin sürətlə dəyişməsinə səbəb olur. Neft qiymətlərində artım, enerji idxalçısı ölkələrdə inflyasiya təzyiqləri və sənaye sektorunda xərc artımı kimi nəticələr zəncirvari şəkildə yayılır. Bu isə təkcə regional deyil, qlobal iqtisadi sabitliyi də təhdid edir.
Hərbi-siyasi müstəvidə isə belə bir qərar eskalasiya riskini ciddi şəkildə artırır. Hörmüz boğazı həm ABŞ və onun müttəfiqlərinin, həm də İranın hərbi mövcudluğunun intensiv olduğu bölgələrdən biridir. Bu vəziyyət yanlış hesablamalar nəticəsində hətta lokal insidentlərin belə genişmiqyaslı toqquşmaya çevrilməsi ehtimalını yüksəldir. Dəniz blokadası kimi addımlar adətən qarşı tərəfin simmetrik və ya asimmetrik cavab tədbirlərini stimullaşdırır ki, İranın da assimetrik müharibədə nələr etdiyini qırx günlük savaş müddətində gördük. Bu isə təhlükəsizlik dilemması yaradır. Bir tərəf, yəni ABŞ İranın Hörmüz üzrəində tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmaq üçün addım atdıqca, digər tərəf olan İran bunu təhdid kimi qəbul edir və eskalasiya spiralını gücləndirir.
Odur ki, Hörmüz boğazında hər hansı məhdudiyyətə yalnız texniki və ya lokal qərar kimi deyil, çoxsəviyyəli geosiyasi təsir yaradan strateji addım kimi baxmaq lazımdır. Qısa müddətdə enerji bazarlarında ciddi dalğalanma, orta müddətdə regional militarizasiya meyillərinin artması, uzun müddətdə isə qlobal enerji marşrutlarının yenidən dizaynı kimi nəticələr doğura bilər. Ən kritik məqam isə odur ki, belə ssenarilər çox vaxt nəzarət olunan gərginlikdən nəzarətdən çıxan eskalasiyaya keçid riskini özündə daşıyır və bu, beynəlxalq sistem üçün ən arzuolunmaz variantlardan biridir”.
Ədilə Hüseynzadə