00:00:00
Yazar
Admin User
03.02.2026 17:02 118 3 dəq oxuma
Siyasət

İrana qarşı hərbi eskalasiya

İrana qarşı hərbi eskalasiya

Yaxın Şərqdə artan gərginlik və İrana qarşı mümkün hərbi eskalasiya region ölkələri üçün yeni risklər yaradır. Mütəxəssislər hesab edir ki, bu proseslərin Cənubi Qafqaza, o cümlədən Azərbaycana da siyasi və təhlükəsizlik baxımından təsirləri istisna deyil.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq, Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev bildirib ki, mümkün ABŞ-İran müharibəsi Azərbaycan üçün ciddi humanitar təhlükə yaradır:

 

"Azərbaycan mümkün qədər ABŞ-nin və İran arasında yaşanan proseslərdə səssizliyi tərəfini qorumağa çalışsa da, baş vermə ehtimalı gündən-günə daha çox artan olası yeni müharibənin Azərbaycanın qarşısında humanitar böhran, hətta humanitar fəlakət yaratması qaçılmazdır. Bu təkcə İranla həmsərhəd ölkə olmağımızla bağlı deyil, həm də 90 milyonluq İran əhalisinin yarıdan çoxunun güneyli soydaşlarımız olmasından irəli gəlir. Bu coğrafiyada yaşayan digər türk etnosları da var, lakin əsasən güney azərbaycanlılar üstünlük təşkil edir. Əgər ölkə ərazisində xaos yaranarsa və xüsusilə Amerika Birləşmiş Ştatları, eləcə də bu prosesdə onunla birgə hərəkət edən müttəfiqlər İran coğrafiyasındakı hərbi bazaları hədəfə alarsa, şübhəsiz ki, Güney Azərbaycan ərazisində yerləşən çoxsaylı hərbi hədəflər də vurula bilər. Bu isə istər-istəməz həmin regionda əhalinin kütləvi köçünə gətirib çıxaracaqdır.

 

Bu baxımdan Azərbaycan tərəfinin son bir-iki gün ərzində bu mövzunun əhəmiyyəti üzərində müzakirələr aparması, eyni zamanda ölkə parlamentində məsələyə münasibətin bildirilməsinin vacibliyinin səsləndirilməsi təqdirəlayiq haldır. Çünki baş verə biləcək proseslər Azərbaycanın istəyindən və iradəsindən asılı olmayacaq. Amma qeyd etdiyim kimi, bu proseslərin bədəlini ödəyən tərəflərdən biri də Azərbaycan olacaqdır.

 

Buna görə də İranla Qərb, xüsusilə Amerika Birləşmiş Ştatları arasında mümkün növbəti hərbi qarşıdurma fonunda Azərbaycan tərəfi, heç şübhəsiz ki, İran rejimi öz ərazisində müdafiəni və öz xalqının təhlükəsizliyini təmin edənədək neytrallığını qorumalıdır. Lakin buna baxmayaraq, humanitar köçün baş verməsi qaçılmazdır və bu istiqamətdə əvvəlcədən hazırlıq səviyyəsində olmalıdır.

 

Bu prosesin böyük ehtimalla İranın müxtəlif regionlarında xalqın ayaqlanmasına və rejimlə xalq arasında toqquşmalara gətirib çıxaracağı gözlənilir. Eynilə Suriyada baş verən proseslərdə olduğu kimi. Bu zaman mərkəzi hakimiyyətin ölkə ərazisində öz nüfuzunu, idarəetmə imkanlarını və legitimliyini itirməsi fonunda Azərbaycan güneyli soydaşlarımızın təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirməlidir. Nəzərə almaq lazımdır ki, İran rejimi və digər etnoslar, xüsusilə kürtlərlə azərbaycanlılar arasında gələcəkdə etnik qarşıdurmalara zəmin yarada biləcək problemlər artıq mövcuddur. Bütün bu hallara hazırlıq məsələsində, şübhəsiz ki, təkcə Azərbaycan deyil, Türkiyənin də müdaxiləsi olacaqdır. Bildiyiniz kimi, Türkiyə bu məsələlərdə Azərbaycandan daha erkən davranaraq, İrandan ola biləcək miqrasiya dalğaları ilə bağlı A, B və C planları üzrə sığınacaq hazırlıqlarını dövlət səviyyəsində müzakirə edir. Yəqin ki, qeyd olunan hər üç ssenari üzrə müvafiq addımların atılması ilə bağlı hazırlıq işləri aparılır. Şübhəsiz ki, İran kimi regionda ciddi təsir gücünə malik bir ölkədə hakimiyyət böhranının yaşanması və yeni bir dönəmin başlanması hazırkı ssenaridə xaosla müşayiət olunacaq. Bu xaos təkcə İran coğrafiyasında deyil, bütövlükdə regionun siyasi və geosiyasi reallıqlarına təsir göstərəcək və növbəti mərhələdə İranın necə bir dövlətə çevriləcəyi sualını gündəmə gətirəcəkdir".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər