“İrana yenidən daha sərt və həlledici hücumlar olacaq” - ŞƏRH
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin Hörmüz boğazı ilə bağlı məsələdə Vaşinqtona dəstək verməyə hazır olduqlarını açıqlayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidentinin son açıqlamaları çox zaman həqiqəti əks etdirməyən, mübaliğə xarakteri daşıdığı üçün bu fikrin nə qədər real olduğunu demək çətin olsa da, proseslərin nəticəsi NATO-nun da hərəkətə keçmə ehtimalını istisna etmir:
“Sadəcə beynəlxalq aləmin İrana müdaxiləyə yanaşması birmənalı olar deyə, bir qədər durumun stabilləşməsi üçün müharibəyə fasilə verilib. Xüsusən də Hörmüz boğazının qapanması kimi problemlər digər ölkələri narahat edib və dünya iqtisadiyyatına zərər dəyib. Ona görə də, əgər ABŞ və İsrail tam nailiyyət əldə etməsə, şübhəsiz ki, NATO müdaxilə edə bilər. Beynəlxalq ictimaiyyətin diqqəti danışıqlarda idi. Danışıqlardan əvvəl İrana simpatiya daha çox idi. Lakin danışıqların nəticəsinin olmaması bir qədər ABŞ-nin haqlı tərəflərini izhar edib. Çünki İran nüvə silahından və Yaxın Şərqdəki proksilərdən əl çəkməkdən imtina edib. Bu da ABŞ ilə yanaşı Avropa İttifaqının da narahat olduğu məqamdır. Çünki İranın Britaniyaya qədər çatası uzaqmənzilli raketlərinin olduğu da deyilir. Üstəlik, Hörmüz boğazında problemin davam etməsi, İranın gəmilərdən haqq tələb etməsi NATO-nun hərəkətə keçmə ehtiyacını bir qədər də artırır. Trampın açıqlaması əsasən İrana təhdid xarakteri daşısa da, reallıqda NATO-nun izləyici qalmayacağını da göstərə bilər. Əgər NATO müdaxilə edər və vəziyyət ABŞ-nin istəyinə uyğun olarsa, təbii ki, Yaxın Şərqdə və digər böhranlı məsələlərdə Avropa-ABŞ yaxınlaşması müşahidə olunacaq. Lakin gedişat onu göstərir ki, İrana yenidən daha sərt və həlledici hücumlar olacaq. Ancaq bunun NATO, yaxud İsrail və ABŞ tərəfindən ediləcəyi hazırda dəqiq deyil. Hörmüz boğazının İranın istəklərinə uyğun fəaliyyət göstərməsini nə NATO, nə də ABŞ qəbullana bilər. Hər bir halda, İran geri çəkilməsə, NATO-nun müdaxiləsi mümkün görünür”.
Aytac İbrahimova