İranda etiraz aksiyalarının iştirakçılarını edam gözləyir
İranda etiraz aksiyaları fonunda hökumətin nümayişçilərə münasibəti ölkədəki gərginliyin səviyyəsinə təsir edən əsas məsələlərdən biri olaraq qalır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, etiraz iştirakçılarına qarşı edam hökmlərinin tətbiqi ictimai-siyasi vəziyyəti daha da sərtləşdirə bilər:
“Belə addım hakimiyyət üçün qısamüddətli çəkindirmə vasitəsi kimi təqdim olunsa da, cəmiyyətdə qorxu ilə yanaşı narazılığın da dərinləşməsi riskini artırır. İnsan haqları təşkilatları 2026-cı ildə etirazlarla əlaqəli çoxsaylı edamların həyata keçirildiyini və yeni məhbusların da edam təhlükəsi ilə üzləşdiyini bildirirlər”.
Politoloq qeyd edib ki, digər tərəfdən, edamların artması İranın beynəlxalq təzyiqlərlə üzləşməsini gücləndirə bilər:
“Qərb dövlətləri və beynəlxalq təşkilatlar Tehranın insan hüquqları siyasətini daha sərt tənqid edə bilər. Bu isə İranın onsuz da mürəkkəb olan xarici siyasi vəziyyətini daha da çətinləşdirə bilər. Eyni zamanda belə addımlar hakimiyyətlə cəmiyyət arasında dialoq imkanlarını zəiflədə bilər. Əsas məsələ etirazların yaranmasına səbəb olan sosial və iqtisadi problemlərin aradan qaldırılıb-qaldırılmamasıdır. Əgər bu narazılıqlar davam edərsə, sərt cəza tədbirləri problemin köklü həllinə gətirib çıxarmaya bilər. Əksinə, edam hökmlərinin tətbiqi cəmiyyətdəki gərginliyi daha da artıra və etirazların yeni dalğasının yaranmasına səbəb ola bilər. Bu baxımdan, edamların tətbiqi siyasi həll yollarının axtarılması əvəzinə repressiv tədbirlərin genişləndirilməsi kimi qiymətləndirilir. BMT-nin xüsusi prosedurları da İranda həbslər, işgəncə iddiaları və ölüm hökmləri ilə bağlı ciddi narahatlıqlarını ifadə edib”.
Nurgün Qənizadə