00:00:00
Yazar
Admin User
09.01.2026 18:04 99 3 dəq oxuma
Siyasət

İranda etirazlar və informasiya blokadası

İranda etirazlar və informasiya blokadası

İranda etiraz dalğası genişlənməkdə davam edir. Ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyalar fonunda aparıcı xəbər agentliklərinin rəsmi internet saytlarına girişdə ciddi problemlər yaranıb. Yerli və beynəlxalq mənbələrin məlumatına görə, bu vəziyyət hakimiyyətin informasiya axınına nəzarəti gücləndirmək cəhdləri ilə əlaqələndirilir.

 

Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki,İran hakimiyyəti informasiya şəbəkəsinə nəzarət etməyə çalışır və bu məqsədlə interneti kəsib. Burada əsas məqsəd müxtəlif şəhər və bölgələrdə yaşayan insanların bir-biri ilə əlaqə qurmasının, etirazçıların koordinasiyalı fəaliyyət göstərməsinin qarşısını almaqdır:

 

“Hakimiyyət, ümumilikdə, insanların digər əyalətlərdə və şəhərlərdə nələrin baş verdiyindən xəbərsiz qalmasını istəyir. Yəni informasiya vakuumu və boşluğu yaradaraq etirazların qarşısını almağa cəhd göstərir, ölkənin fərqli bölgələrində insanların koordinasiyalı hərəkətini məhdudlaşdırmaq istəyir. Lakin artıq dünya elə bir mərhələyə gəlib ki, bunu tam şəkildə etmək mümkün deyil. Etirazlar artıq çox geniş ərazilərə yayılıb. Ona görə də bu addım rejimin məhdud resurslarından biri sayıla bilər, amma həlledici resurs deyil. Bu yolla problemin həll olunması mümkün olmayacaq. Məsələlərin kökü dərindir və informasiya blokadası yaratmaqla problemləri çözmək olmaz. Problemlər real şəkildə həll edilməlidir. Xalqı narazı salan və insanları küçələrə çıxaran səbəblər aradan qaldırılmalıdır. Bunun üçün hökumətin çox ciddi məsuliyyəti var və islahatlara getməlidir. Nələrisə qurban verməyə, hətta rejimin öz daxilində müəyyən güzəştlərə getməyə hazır olmalıdır ki, cəmiyyətdə gərginlik azalsın. Əks halda vəziyyət daha da çətinləşəcək. Çünki bu proses yalnız daxili məsələ deyil, həm də beynəlxalq ölçüləri, təsirləri olan bir məsələdir”.

 

Ekspert həmçinin bunu da qeyd edib ki, İnformasiya axınını kəsməklə mövcud qarşıdurmanı nəzarətdə saxlamaq mümkün deyil. Baş verən etirazların bölgəyə təsirinə gəldikdə isə, regional təhlükəsizlik və Yaxın Şərqdəki siyasi vəziyyət onsuz da kifayət qədər sabit deyil:

 

“ İsrailin Suriya, Livan və HƏMAS-la davam edən münaqişələri, Türkiyənin təhlükəsizlik problemləri, Yəməndə baş verən hadisələr bölgədə yeni siyasi və hərbi konfiqurasiyaların formalaşdığını göstərir. Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında yaxınlaşma da açıq şəkildə hiss olunur. Bu baxımdan İranda baş verən hadisələr bölgə dövlətləri tərəfindən böyük həssaslıqla izlənilir. Çünki bu proseslər dərhal olmasa da, növbəti mərhələlərdə regional sabitliyə təsir göstərə bilər. Humanitar fəlakət riski, köçkün axını, münaqişələrin digər bölgələrə sıçraması ehtimalları mövcuddur. Hətta rejim etirazçıların diqqətini yayındırmaq və cəmiyyəti yenidən öz ətrafında birləşdirmək üçün hansısa xarici münaqişəyə də girə bilər. Bütün hallarda bu gün İranda baş verənlər birbaşa olmasa da, dolayısı ilə bölgənin sabitliyinə təsir edir. Əgər proseslərin miqyası artsa və vəziyyət nəzarətdən çıxsa, region üçün risklər daha da yüksələ bilər. Bu zaman bölgə dövlətlərinin , xüsusilə Azərbaycan və Türkiyənin yanaşması İsrailin və digər ölkələrin mövqeyindən fərqlənəcək. Eyni zamanda ərəb ölkələrinin, xüsusən də Körfəz dövlətlərinin mövqeyi, eləcə də Əfqanıstan və Pakistanın atacağı addımlar böyük əhəmiyyət daşıyır. Ümumilikdə isə İrandakı rejim tükənməkdədir və gündən-günə öz yaşamaq imkanlarını itirir. Bu vəziyyət həm İranın özü, həm də region üçün ciddi risklər və mümkün dəyişikliklər vəd edir. Proseslərin gedişindən asılı olaraq bu hadisələrin bölgəyə təsirini daha aydın şəkildə görmək mümkün olacaq”.

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər