İranda Əsəd ssenarisi- Moskvaya qaçış başlayır
İran hakimiyyətindəki önəmli fiqurlar ABŞ-lə danışıqların pozulmasından sonra Əsəd ssenarisi ilə Rusiyaya qaçmaq niyyətindədirlər.
Bu barədə “Foks Nyus” məlumat yayıb.
“Nüvə İranına qarşı birlik” (UANİ) təşkilatının eksperti Səid Qolkar nəşrə açıqlamasında deyib ki, ABŞ-İran danışıqlarında uğursuzluq rejimin ali rəhbərliyinin Rusiyaya qaçmaq riskini artırıb:
“İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf da daxil olmaqla, yüksək səviyyəli məmurlar real təhlükə zamanı Moskvaya, daha aşağı səviyyəlilər isə İraq və ya Əfqanıstana qaçacaqlar. Məmurların əksəriyyəti artıq öz kapitalalrını xaricə çıxarıblar”.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Pekində keçiriləcək ABŞ-Çin danışıqları İran və Yaxın Şərqdəki proseslərin taleyinə ciddi təsir göstərə bilər:
“Foks Nyus”un yaydığı məlumatın nə dərəcədə real olduğunu demək çətin olsa da, bir qayda olaraq, ölkə rəhbərləri müharibənin uğursuzluğunu gördükdə qaçıb canlarını qurtarmağa çalışırlar. İranda da oxşar vəziyyət müşahidə olunur. Çünki İran artıq dünyanın supergücü ilə 40 günlük müharibə aparıb. Nəticədə bir çox hərbi obyektləri dağıdılıb, hərbi aviasiyasına və dəniz donanmasına ağır zərbələr vurulub. Ümumilikdə, İranın öz hesablamalarına görə, bu 40 günlük müharibə ölkəyə 270 milyarddan artıq ziyan vurub, insan itkilərini isə hələ demirəm. Hazırda Amerikanın əsas tələbi İranın nüvə proqramını bağlaması, nüvə tozunu və zənginləşdirilmiş uranı ölkədən çıxarmasıdır. Tramp bildirir ki, İran nüvə silahı əldə edərsə, ilk olaraq Amerikanın yaxın müttəfiqi olan İsraili vuracaq. Məhz bu təhlükəyə görə onlar İranla müharibəyə başlayıblar və Tramp qəti şəkildə vurğulayır ki, İranın nüvə silahı əldə etməsinə imkan vermək olmaz. İran isə əksinə, nüvə proqramından əl çəkməyəcəyini bildirir. Bu gün Tramp Çinə səfər edir və axşam saatlarında Pekinə çatacaq. Sabah və o biri gün onun Si Tsinpinlə görüşləri gözlənilir. Tramp ora çox böyük bir heyətlə, o cümlədən dünyanın ən iri investorları və imkanlı şəxsləri ilə birlikdə gedir. Hesab edirəm ki, Pekindəki danışıqlarda əsas mövzular Tayvan, İran və Yaxın Şərq məsələləri olacaq. İranın Hörmüz körfəzini bağlamaq cəhdinə cavab olaraq Amerika oranı mühasirəyə alıb ki, bu da Çin iqtisadiyyatına ağır zərbədir. Çünki Çin İranın neft və qazının 90 faizini alır və tərəflər arasında strateji müttəfiqlik mövcuddur. ABŞ və İsrail İrana hücum edəndə ilk olaraq məhz Çin bu müharibəni pisləyib və İrana ciddi hərbi dəstək göstərib. Hətta Çin yük təyyarələrinin İran hava limanlarına gizli şəkildə yük daşıması barədə məlumatlar mətbuata sızıb.
Məlumdur ki, 40 günlük müharibənin ilk mərhələsində İranın Ali dini, siyasi və hərbi rəhbərliyinin bir qismi sıradan çıxarılıb. İndi Qalibaf, Əraqçi və Pezeşkian kimi şəxslər qalıb. Onların bəziləri müharibənin bitməsini və vəziyyətin diplomatik yolla stabilləşməsini istəsələr də, SEPAH komandirləri hələ də müharibəni davam etdirmək niyyətindədir və döyüşə hazır olduqlarını bildirirlər. Bu baxımdan, Pekin danışıqlarından çox şey asılıdır. Əgər razılaşma əldə olunarsa, müharibəni diplomatiya ilə dayandırmaq mümkündür”.
Ekspert qeyd edib ki, müharibənin uzanması İran hakimiyyəti daxilində ciddi siyasi böhran və qaçış ssenarilərini gündəmə gətirə bilər:
“Burada əsas düyün nüvə proqramıdır. İslamabadda keçirilən görüşdə Amerika proqramın 20 illik dondurulmasını tələb etmişdi, İran isə 5 ilə razı olduğunu bildirmişdi. Hesab edirəm ki, tərəflər 10-15 illik orta bir müddət üzərində kompromisə gələ bilərlər və bu, müharibədən qaçmağa imkan verər. Əks halda, İranın bəzi dairələrinin sərt ritorikası və nüvə proqramından əl çəkməmək inadı yeni müharibə deməkdir.Əgər Pekində razılıq əldə olunmasa, Tramp Çindən qayıtdıqdan sonra İrana qarşı daha aqressiv və güclü hücuma keçəcək. Artıq ABŞ-nin nüvə başlıqlı sualtı gəmisi Cəbəllütariq boğazını keçərək İrana doğru hərəkət edir. Atəşkəs dövründən bəri Amerika İran ətrafında daha böyük qüvvə - 50 mindən çox ordu, üç aviadaşıyıcı kreyser, F-16 və F-35 təyyarələri toplayıb. Nüvə başlıqlı raketlərin ora gətirilməsi isə o anlama gəlir ki, növbəti hücumda Amerika hətta taktiki nüvə silahından da istifadə edə bilər. Bu, İran üçün çox ağır nəticələr verər. Əgər müxtəlif dairələr sülhə razı olmasalar, "Əsəd ssenarisi" işə düşə bilər və siyasi rəhbərlər ölkədən qaçaraq Rusiyaya gedə bilərlər. Qeyd etmək lazımdır ki, Xameneinin oğlunun Böyük Britaniyada 124 milyon funt sterlinq vəsaitinin olması barədə dəfələrlə məlumatlar yayılıb. İran rəhbərliyində təmsil olunan şəxslərin xarici banklarda böyük kapitalları var. Düşünürəm ki, onlar bu vəsaitləri itirməmək üçün ölkədən qaçmağa belə razı olacaqlar”.
Lalə Qurbanlı