00:00:00
Yazar
Güllər Gülhüseynova
03.03.2026 21:11 58 3 dəq oxuma
Siyasət

İranın arsenalı məhv edilibsə, hansı danışıqlardan söhbət gedir?- ŞƏRH

İranın arsenalı məhv edilibsə, hansı danışıqlardan söhbət gedir?- ŞƏRH

“Nüvə silahı məsələsinin Amerika tərəfindən qaldırılması özü bir paradoksdur. Keçən il iyun ayındakı müharibədə Tramp özü deyib ki, İranın bütün nüvə arsenalını məhv edib”.

 

Bu sözləri siyasi şərhçi Şakir Ağayev “İnformator.az”a açıqlamasında bildirib:

 

“Trampın İranla danışığa razı olduğunu bildirməsi əvvəlcədən bilinirdi ki, reallığı əks etdirmir və həqiqətə uyğun deyil. Trampın bununla bir neçə məqsədi var idi. Birincisi, dünyaya göstərmək istəyirdi ki, İranı vurmaqda düz edib və onu Amerikanın şərtləri ilə masa arxasına oturdub. Bu isə İranın kapitulyasiyası deməkdir. Eyni zamanda, belə bir məsələni ortaya atmaqla Amerika İranda, bəlkə də, gözləmədiyi bir müqavimətlə rastlaşıb. Tramp düşünürdü ki, İran tərəfi dini liderin ölümündən sonra danışığa gedə bilər və bu, İrana qarşı aparılan Amerika-İsrail müharibəsini dayandırmaq üçün ona bir fürsət verərdi. Sözsüz ki, İran tərəfi bunu qəbul etməzdi və etməyəcək də. Çünki hazırda İranın əsas idarəçiliyi Laricaninin əlindədir. Hələ Xamenei ölməmişdən qabaq bu səlahiyyətləri ona verib. ABŞ ilə müharibə başlamazdan əvvəl aparılan danışıqlarda İran Amerikanın şərtlərini qəbul etməmişdisə, deməli, indiki halda heç cürə qəbul edə bilməz. Bu, indiki rejimin özü üçün intihar və məhvə aparmaq deməkdir. Tramp hələ o vaxt şərt qoyub ki, İran nüvə silahına və ballistik raketlərə sahib ola bilməz. Ümumiyyətlə, nüvə silahı məsələsinin Amerika tərəfindən qaldırılması özü bir paradoksdur. Keçən il iyun ayındakı müharibədə Tramp özü deyib ki, İranın bütün nüvə arsenalını məhv edib. Əgər məhv edibsə, onda hansı nüvə danışıqlarından söhbət gedə bilər? Dünən də bildirirdi ki, əgər mən İranı vurmasaydım, bir həftəyə nüvə silahı əldə edəcəkdi. Belə çıxır ki, Trampın yayda dedikləri də həqiqətə uyğun olmayıb və İranın nüvə potensialı qalıb.
Ümumiyyətlə, bu eyni zamanda bir informasiya müharibəsidir və Tramp bununla sübut etmək istəyir ki, İrana qarşı apardığı müharibədə istədiyinə nail olub. Sözsüz ki, Laricani anında təkzib verib. İran rejimi bu gün Amerika ilə bu şərtlərlə danışıq apara bilməz. Çünki bu, istər Amerika, istərsə də İsrail qarşısında İranın kapitulyasiyası deməkdir. Əgər müharibə bu şərtlərlə dayandırılarsa, İran hakimiyyəti daxilində və cəmiyyətdə parçalanma yarana bilər. Bu da rejimin sonu olar”.

 

Ekspert qeyd edib ki, münaqişə lokal müharibədən regional müharibəyə çevrilib:

 

“Artıq müharibə genişlənərək lokal xarakterdən regional müharibəyə, Yaxın Şərq hövzəsi müharibəsinə çevrilib. Əgər Amerikanın ərəb ölkələrindəki on bazası vurulursa və hər gün həyəcan siqnalı çalınırsa, deməli, proses artıq geniş miqyas alıb. Müharibənin daha da böyüməməsi üçün dayandırılması çox yaxşı olardı, çünki onun daha geniş vüsət almayacağına dair heç bir təminat yoxdur. Lakin ABŞ-nin Müdafiə naziri Heqset bildirib ki, məqsədlərimizə çatana qədər müharibə davam edəcək. Bu, çox təhlükəli bir tendensiyadır və müharibənin nəzarətdən çıxması bütün regionun alovlanması deməkdir. Təbii ki, biz bunu arzulamazdıq. Tərəflər nə qədər tez razılığa gələrlərsə, bir o qədər önəmli olar. Amma müharibə artıq genişlənib. İran vurulur, İran ərəb ölkələrini vurur, İngiltərənin Kiprdəki bazasına hücum edilir, Fransanın donanmasına PUA-lar göndərilir. Odur ki, müharibənin daha da genişlənməməsi üçün dayanması ən yaxşı variantdır”.


 

 

Lalə Qurbanlı

#arsenalı #yeni #hansı #danışıqlardan #məhv
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər