“İranın BƏƏ-yə hücumu regionda qarşıdurmanın miqyasını artırır” – ŞƏRH
“İran Birləşmiş Ərəb Əmirliklərinə raket və PUA hücumu həyata keçirib”.
Bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, İranın BƏƏ-yə qarşı hücumları regionda qarşıdurmanın miqyasını genişləndirir:
“İran bu addımla həm hərbi-siyasi mesaj verməyə, həm də Körfəz ölkələrinin ABŞ və Qərblə təhlükəsizlik əməkdaşlığına təzyiq göstərməyə çalışır. Xüsusilə BƏƏ-nin Qərb ölkələri ilə yaxın münasibətləri, hava müdafiə sistemlərində ABŞ faktorunun mövcudluğu və regional logistika mərkəzi kimi rolu Tehran üçün strateji əhəmiyyət daşıyır”.
Ekspert əlavə edib ki, bu cür hücumlar İranın “təhdidlərə cavab vermək qabiliyyətini” nümayiş etdirmək və region dövlətlərinə xəbərdarlıq etmək məqsədi daşıyır:
“Bununla İran göstərmək istəyir ki, ona qarşı mümkün hərbi və ya siyasi bloklaşmanın regional nəticələri olacaq. Körfəz regionunda enerji infrastrukturu və beynəlxalq ticarət marşrutlarının təhlükə altına düşməsi qlobal bazarlara da ciddi təsir edə bilər.
Eyni zamanda qeyd etmək lazımdır ki, gərginliyin artması enerji bazarlarında qeyri-sabitliyi gücləndirir və bu fonunda Azərbaycanın enerji və logistika tərəfdaşı kimi əhəmiyyəti daha da artır. Xüsusilə Orta Dəhliz, Şərq–Qərb nəqliyyat marşrutları və alternativ enerji təchizatı istiqamətlərində Azərbaycanın strateji rolu ön plana çıxır”.
Nuray Əliyeva