“İranın daxilində vəziyyət stabil deyil” - ŞƏRH
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezayi Axiosun Tehran və Vaşinqtonun razılaşmaya yaxın olması ilə bağlı məlumatını “Amerikanın arzular siyahısı” adlandırıb.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan İnformator.aza açıqlamasında bildirib ki, gərginlik Yaxın Şərqdə də böyük narahatlıq yaradır:
“Əgər ABŞ və İran arasında savaş yenidən başlasa, bu, şübhəsiz ki, bütün regiona da mənfi təsir edəcək. Tərəflər özünü qalib hesab edir və qarşılıqlı təhdidlər edirlər. İranın daxilində vəziyyət stabil deyil. Hakimiyyətin daxilində böhran var. Hər nə qədər bunu hiss etdirməməyə çalışsalar da, danışıqlar məsələsində təzahür edir. Demək olar ki, hakimiyyətdə söz və güc sahibi artıq SEPAHdır. Hətta prezidentə də təzyiq edirlər. Ali dini-siyasi lider isə sadəcə simvolik bir obrazdır. Bir növ qeybdəki İmam obrazında onun adından istifadə edirlər. Özü də təcrübəsiz və xalqla təması olmayan, əvvəllər ictimaiyyət içində o qədər də fəal olmayan şəxsdir. Demək, onu da SEPAH idarə edir. Bu təşkilat da Qərbdə terror təşkilatı kimi tanınır. ABŞ-nin onu tərəf müqabil seçməsi bir növ diplomatik uğursuzluq olardı. Yaxın Şərqdə vəziyyətin gedişi ABŞ-nin yeni hücum taktikasından asılıdır. Əgər ilk həmlədə İran rejimini susdura bilməsə, məlumdur ki, SEPAH əksər ərəb ölkələrini hədəfə alacaq. Xüsusi olaraq BƏƏ və digər Körfəz ölkələrini raket hücumu gözləyir. İranın yeni təhdidləri nüvə sazişi ilə bağlı danışıqlardan ümid gözləmədiyini göstərir. Əslində tərəflərin hər biri problemin müharibəsiz həllinin olmadığını dərk edirlər. Heç bir beynəlxalq təşkilatın bu məsələdə təsirli rolu olmayacaq. Çünki artıq yeni dünyada güc kimdədirsə, o diktə edir. Beynəlxalq təşkilatlar sadəcə simvolik olaraq qalır yaxud da güclünün, diktə edənin təsiri altında olur. İran və ABŞ arasındakı münaqişə yalnız müharibə vasitəsilə həll oluna bilər. Vəziyyətin bu cür qeyri-stabil davam etməsi dünya iqtisadiyyatına zərər vurur, gərginliyi artırır və bölgə ölkələrinin ticarətinin mahiyyətinə təhdid yaradır. Yorucu və üzücü gərgin vəziyyət yaratmaqla, nə müharibə, nə də sülh şəraitində ABŞ İranı təcrid etmək istəyir. İranın isə təhdid etməkdən başqa yolu yoxdur. Hakimiyyətin mahiyyəti ümumiyyətlə sülhə imkan vermir. İran rejiminin mahiyyəti qan və savaş, problem deməkdir”.
Aytac İbrahimova