00:00:00
Yazar
Ayan Sadi
27.11.2026 23:04 64 2 dəq oxuma
Dünya

İranın diplomatik əlaqələri: Qətər və Pakistan vasitəçiliyi

 

İranın diplomatik əlaqələri: Qətər və Pakistan vasitəçiliyi

İranın xarici işlər naziri Abbas Əraqçi IRIB-ə açıqlamasında Qətər və Pakistanın vasitəçilik səylərinin davam etdiyini bildirib. O, hər iki ölkədən olan vasitəçilərin müxtəlif ideya və təklifləri tərəflərə çatdırdığını və mümkün diplomatik təşəbbüslərin qiymətləndirildiyini vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Pakistan və Qətərin vasitəçilik prosesində iştirakı ilk növbədə bu ölkələrin İranla münasibətlərinin xarakterindən irəli gəlir. Onun sözlərinə görə, xüsusilə Pakistan ABŞ-İran arasında diplomatik kanalın açıq saxlanılmasında təsirli rol oynayır.

 

Politoloq xatırladıb ki, bundan əvvəl 60 günlük atəşkəs rejiminin əldə olunması prosesində də Pakistan yaxından iştirak edib. Lakin həmin təşəbbüs real nəticə verməyib.

 

Elşad Mirbəşiroğlu qeyd edib ki, hazırda sərt hərbi-siyasi ritorika davam etsə də, paralel olaraq diplomatik kanallar da açıq saxlanılır. Onun fikrincə, ABŞ genişmiqyaslı hərbi qarşıdurmanın baş verməsində maraqlı deyil. ABŞ Prezidenti Donald Trampın son çıxışlarında hərbi zərbələrin mümkünlüyünü dilə gətirməsi isə çəkindirici siyasi və diplomatik gediş kimi qiymətləndirilə bilər.

 

Politoloq bildirib ki, həm ABŞ, həm də İran regionda genişmiqyaslı hərbi eskalasiyadan çəkinir. İran da öz növbəsində müqavimət imkanlarını nümayiş etdirir:

 

“ABŞ-ın dediklərinin əksinə olaraq Hörmüzdə gəmilərin hərəkəti yenə təhlükəlidir. Son bir neçə gün əvvəl tankerin zərbə ilə üzləşməsi bir daha bunu nümayiş etdirdi. Hörmüz boğazındakı vəziyyətə ABŞ nəzarət etmir. Bunun özü də onu göstərir ki, bütün hallarda diplomatik vasitələrlə ABŞ məsələnin həllində maraqlıdır”.

 

Elşad Mirbəşiroğlu hesab edir ki, Pakistan və Qətərin vasitəçilik səyləri nəticə verməsə belə, yaxın gələcəkdə genişmiqyaslı hərbi qarşıdurma gözlənilmir. Onun fikrincə, tərəflər sərt eskalasiyadan çəkinəcək və bu səbəbdən vasitəçilərin uğurlu nəticə əldə etmək imkanları hələ də qalır.

 

          

Aytən Əhmədova

#baki #gündəm #pakistan #qətər #diplomatik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər