Yaxın Şərqdə hərbi gərginlik neft qiymətlərini yenidən bahalaşdırıb
Yaxın Şərqdə hərbi əməliyyatların və hücumların intensivləşməsi qlobal enerji bazarında narahatlıqları artıraraq neft qiymətlərinin yenidən yüksəlməsinə səbəb olub. Regionda neft emalı zavodlarının hücuma məruz qalması və Hörmüz boğazında tanker daşımalarının məhdudlaşması enerji təchizatına mənfi təsir göstərir.
Brent markalı neftin qiyməti həftə ərzində 3,5 faiz artaraq bir barel üçün təxminən 96 dollara çatıb. ABŞ bazarında WTI markalı neftin qiyməti isə 1 faiz yüksələrək 84,50 dollar təşkil edib. Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə davam edən qeyri-sabitlik neft bazarında qiymət artımını gücləndirə bilər.
Hücumların davam etməsi və ABŞ-İran arasında davamlı sülh razılaşmasının əldə olunmaması enerji təchizatı ilə bağlı riskləri artırır. Bu vəziyyətin qlobal iqtisadiyyata, xüsusilə texnologiya sektoruna da təsir göstərə biləcəyi proqnozlaşdırılır. OPEC+ ölkələrinin hasilat kvotaları ilə bağlı qarşıdakı qərarlarının isə neft bazarındakı vəziyyətə təsir edəcəyi gözlənilir.
Aynur Əhmədli