00:00:00
Yazar
Elmira Ağayeva
30.07.2026 21:02 19 2 dəq oxuma
Siyasət

İranın ittihamları rədd etməsi regional eskalasiyadan yayınmaq cəhdidir”-Açıqlama

“İranın ittihamları rədd etməsi regional eskalasiyadan yayınmaq cəhdidir”-Açıqlama

 

Yaxın Şərqdə gərginlik növbəti dəfə İran, İraq və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı ittihamlarla daha da dərinləşib. Səudiyyə Ərəbistanının neft obyektlərinə dron hücumlarından sonra Riyad hücumların İranın dəstəklədiyi qruplar tərəfindən İraq ərazisindən həyata keçirildiyini iddia etsə də, Tehran bu ittihamları qəti şəkildə rədd edib. Eyni zamanda, ABŞ və Səudiyyə Ərəbistanı qüvvələrinin İraqda İranla əlaqəli hədəflərə qarşı birgə əməliyyat keçirməsi regiondakı təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,İranın bu ittihamları təkzib etməsi ilk növbədə mümkün hərbi cavabdan və münaqişənin daha geniş regional qarşıdurmaya çevrilməsindən yayınmaq cəhdi kimi qiymətləndirilə bilər:

 

"Tehran uzun illərdir regiondakı silahlı müttəfiqləri ilə münasibətlərində “inkar edilə bilən məsuliyyət” taktikasından istifadə edir: həmin qrupların siyasi və hərbi fəaliyyətinə təsir göstərsə də, konkret hücumlara dair birbaşa göstəriş verdiyini qəbul etmir. Son hadisədən sonra ABŞ və Səudiyyə Ərəbistanının İraqda İranla əlaqəli silahlı birləşmələrin mövqelərinə zərbələr endirməsi məsələnin kifayət qədər ciddi kəşfiyyat məlumatlarına əsaslandığını düşündürür. Bununla belə, müstəqil və tam sübutlar açıqlanmadığı üçün İran dövlətinin hücumu birbaşa təşkil etdiyini qəti şəkildə söyləmək hələ tezdir". 

 

Politoloq bildirib ki, hücumun İraqda fəaliyyət göstərən, İranla yaxın əlaqələri olan silahlı qruplardan birinin həyata keçirilməsi daha real ehtimal kimi görünür:

 

"Xüsusilə “Həşdi-Şəbi” strukturuna daxil olan bəzi fraksiyalar formal olaraq İraqın təhlükəsizlik sisteminin tərkibində olsalar da, faktiki şəkildə müstəqil hərəkət edir və Tehranla sıx əlaqələr saxlayırlar. Belə qruplar hücumu İranın birbaşa əmri olmadan da, Səudiyyə Ərəbistanının ABŞ-la hərbi əməkdaşlığına cavab vermək və regionda təzyiq yaratmaq məqsədilə həyata keçirə bilərlər. Lakin hücum üçün istifadə edilən vasitələrin mənşəyi, buraxılış nöqtəsi və komanda əlaqələri tam araşdırılmadan konkret bir tərəfi birmənalı şəkildə günahlandırmaq siyasi mülahizə olaraq qalacaq".

 

Mehriban Yariyeva

#İran #İraq #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər