“İranın nüvə proqramı mübahisə yaratmaqda davam edir”-ŞƏRH
“İran rəsmiləri nüvə bombası yaratmaq barədə heç vaxt danışmayıblar”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İran rəsmi şəkildə nüvə silahı yaradacağını heç vaxt etiraf etməyib:
“İranda nüvə silahını qadağan edən qanun da var. Ali dini rəhbər Ayətullah Xamenei belə bir fətva verib. Ancaq Qərb ölkələri bildirirlər ki, İranın əsas məqsədi nüvə silahı əldə etməkdir. Burada əsas məsələ İranın uranı kütləvi şəkildə zənginləşdirməsidir. İran isə bunun sülh məqsədləri üçün olduğunu bildirir. Qərb ölkələri buna inanmır. Çünki İran müstəqil ekspert qruplarının ölkədə fəaliyyət göstərməsinə geniş imkan vermir və bunu risk mənbəyi kimi qiymətləndirir. Bu isə şübhələr yaradır və nəticədə İranla Qərb arasında uçurumun dərinləşməsinə səbəb olur”.
Siyasi şərhçi qeyd edib ki, ümumilikdə İrandakı mövcud sistem İsraili təhdid etdiyi üçün bu, böyük təhlükə kimi qiymətləndirilir:
“İran rəsmiləri dəfələrlə Qərb ölkələrinə və İsrailə qarşı hədə xarakterli bəyanatlar səsləndirirlər. Bu da ciddi narazılıqlara səbəb olur. Hazırda baş verən hadisələr Qərbin İrana olan etimadsızlığını bir daha göstərir. Rəsmi Tehran isə bu etimadsızlığa daha sərt reaksiya verir və heç bir halda Qərbin irəli sürdüyü tələbləri qəbul etmək niyyətində olmadığını göstərir”.
Nuray Əliyeva