İranın "qələbə" bəyanatı Trampı özündən çıxarıb
İran İslam Respublikasının ABŞ üzərində qələbə qazanması barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın kəskin narazılığına səbəb olub. O, CNN telekanalını dezinformasiya yaymaqda ittiham edib.
ABŞ rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"CNN World News" tərəfindən paylaşılan bəyanat saxtadır və kanal rəhbərliyi bunu çox yaxşı bilir", - deyə ABŞ prezidenti bildirib.
O əlavə edib ki, İranın əsl rəsmi bəyanatı xarici işlər naziri Abbas Əraqçı tərəfindən sosial platformalarda dərc edilən sənəddir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, bu vəziyyət yeni gərginliyin yaranmasına gətirib çıxarmamalıdır:
“Amerika Birləşmiş Ştatlarının bu bəyanata sərt münasibət göstərməsi onun daxili siyasəti ilə bağlıdır. Çünki ABŞ-də Donald Tramp və vitse-prezident Vens çox sərt şəkildə tənqid olunurlar. Həm müxalifətdəki Demokratlar Partiyası, həm də iqtidardakı Respublikaçılar Partiyasının daxilindəki bəzi senatorlar onlara qarşı kəskin etirazlar bildirirlər.Hesab edirəm ki, ABŞ belə tənqidlərin qarşısını almaq üçün belə bəyanatlar səsləndirir. Digər tərəfdən, Abbas Əraqçinin səsləndirdiyi fikirlər daha optimaldır və reallıqları daha çox əks etdirir. İran Xarici İşlər nazirinin açıqlamasından da aydın hiss olunur ki, ABŞ ilə əldə olunan razılaşmanın İran tərəfindən əsas müəlliflərindən biri məhz Abbas Əraqçi olub.Əraqçinin bu prosesdə üstləndiyi rol kifayət qədər müsbətdir. İran tərəfinin bəyanatlarına, SEPAH-a bağlı media qurumlarının və şəxslərin açıqlamalarına gəlincə, bunlar əlbəttə ki, ABŞ-də ciddi narahatlıq doğurur. Lakin düşünürəm ki, bu vəziyyət prosesi çıxılmaz nöqtəyə gətirməməli və yeni gərginliyin yaranmasına yol verməməlidir. Hər iki tərəf öz açıqlamalarında diqqətli olmalıdır”.
Lalə Qurbanlı