“İranın Rusiyaya dəstəyi Kiyevin Tehran siyasətini sərtləşdirir”
“Ukrayna savaşında İranın Rusiyaya açıq dəstək verməsi Kiyevin Tehranla bağlı siyasətini müəyyənləşdirir”.
Bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiyanın müxtəlif vaxtlarda İranın kamikadze dronları vasitəsilə Ukrayna ordusuna zərbə endirməsi ilə bağlı dünya mətbuatında dəfələrlə məlumatlar yayılıb:
“Kiyev də məhz yaranan durumdan istifadə edərək İrana qarşı adekvat mövqe qoyduğunu nümayiş etdirir. İranın Rusiya ilə yaxın münasibətləri səbəbindən Ukrayna-İran münasibətləri gərgindir. Ona görə də, Zelenskinin SEPAH-ı terror təşkilatı kimi tanıması iki ölkə arasındakı münasibətlərdə yenilik olmayacaq. Digər tərəfdən Ukraynaya dəstək baxımından Avropa İttifaqı ölkələri arasında fikir ayrılıqları getdikcə dərinləşir. ABŞ-nin Rusiya ilə pərdəarxası sövdələşmələrə getməsi Avropa İttifaqı daxilində də bundan sonrakı mərhələ üçün getdikcə vahid mövqedən çıxış edilməsi ilə bağlı maneələrin meydana gəlməsinə şərait yaradır. Ukrayna Prezidenti isə bu açıqlama ilə Avropa İttifaqı ilə eyni mövqedən çıxış etdiyinin mesajını verir”.
Nuray Əliyeva
