İranın yeni şərti ortaya çıxıb: ABŞ ilə razılaşma üçün Pekin zəmanəti
ABŞ ilə münasibətlərin normallaşdırılması fonunda İranın yüksək səviyyədə zənginləşdirilmiş uranı Çinə göndərmək şərti irəli sürməsi regionda yeni geosiyasi müzakirələrə səbəb olub. Tehran Vaşinqtonla mümkün razılaşma öncəsi Pekindən zəmanət almağa çalışarkən, ekspertlər bu addımın həm nüvə danışıqlarının gələcəyinə, həm də Çin-ABŞ-İran balansına təsir edə biləcəyini bildirirlər.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında məsələni belə qiymətləndirib ki, ABŞ ilə İran arasında mövcud anlaşılmazlıq daha dərin xarakter daşıyır:
“Zənginləşdirilən uranın təhvil verilməsi və bu prosesin tamamilə dayandırılması da problemi həll edə bilməz. Çünki ABŞ və İsrailin İrana qarşı siyasətinin arxasında daha böyük geosiyasi maraqlar dayanır. ABŞ-nin hədəfi Yaxın və Orta Şərq üzərində nəzarətini təmin etməkdir. İran isə bu planların reallaşmasında əsas əngəllərdən biridir. Ona görə də uranın təhvil verilməsi tələbinin arxasında yeni niyyətlərin olduğunu Tehran da anlayır. Hazırda davam edən danışıqlar tərəflərin bir-birinə etimadsızlığı şəraitində gedir. Buna görə də həm ABŞ, həm də İran siyasi manevrlər edir”.
Ekspertin fikrincə, uranın Çinə göndərilməsi təklifi Vaşinqton üçün ciddi siyasi mesajdır:
“Zənginləşdirilmən uranın Çinə verilməsi təklifi ABŞ-ni açıq şəkildə narahat edən addımdır. Çünki Vaşinqton Çini əsas geosiyasi rəqib kimi görür. Çin Yaxın və Orta Şərqdə baş verən proseslərdən kənarda deyil. ABŞ isə Çinin nə vasitəçi, nə də zəmanətçi kimi çıxış etməsi ilə razılaşmaz. Bu, Pekinin regionda nüfuzunu daha da artıra bilər. ABŞ-İran anlaşmasının əldə olunması olduqca çətindir. Çünki bu məsələdə təkcə iki ölkə deyil, bir çox qlobal gücün maraqları toqquşur. Bu da faktiki olaraq İran üzərində dünya güclərinin geosiyasi qarşıdurmasının görünən hissəsidir”.
Fatimə Hüseynli