00:00:00
Yazar
Admin User
05.02.2026 16:29 104 2 dəq oxuma
Siyasət

“İranla dialoqun olmaması diplomatiyanı çətinləşdirir”

“İranla dialoqun olmaması diplomatiyanı çətinləşdirir”

“Tramp telefonu götürüb Putinə, Si Szinpinə zəng edə bilər. Hətta çox düşmən münasibətlərimiz olan ölkələrə də. Lakin İranın faktiki rəhbərliyi ilə danışa bilməməyimiz qəribədir. Bu, diplomatiyanı həqiqətən çox çətinləşdirir”,- deyə ABŞ-nin Vitse-Prezidenti Ceyms Devid Vens deyib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Ceyms Devid Vensin açıqlaması ABŞ-nin İran siyasətində ritorikanın açıq şəkildə sərtləşdiyini göstərir:

 

“Vaşinqton artıq İranı təkcə regional rəqib və ya nüvə razılaşması çərçivəsində müzakirə olunan problem kimi deyil, qlobal təhlükəsizlik riski kimi təqdim edir. Ceyms Devid Vensin ritorikasında İranın daxili terrorla, nəzarətsiz zorakılıqla və potensial nüvə silahı ilə eyni müstəvidə çəkilməsi təsadüfi deyil. Bu ABŞ-nin diplomatik dilindən tədricən təhlükəsizlik və qarşısının alınması dilinə keçdiyini göstərir. Donald Trampın Vladimir Putin və Si Cinpin kimi liderlərlə birbaşa təmas imkanını vurğulamaqla İranı istisna kimi göstərmək istəməsi də Tehranın “rasional danışıqlar tərəfi” statusundan çıxarıldığına işarədir. Bu, ABŞ ictimaiyyətini və müttəfiqləri mümkün qədər sərt addımlara psixoloji cəhətdən hazırlamaq məqsədi daşıyır. İranın nüvə silahı əldə etməsi Yaxın Şərqdə zəncirvari silahlanma prosesini işə sala bilər. Vensin xüsusilə Səudiyyə Ərəbistanının adını çəkməsi onu göstərir ki, Vaşinqton regional domino effektindən ciddi şəkildə ehtiyat edir. Belə bir ssenari təkcə ABŞ-İran qarşıdurmasını deyil, bütün regionu çoxqütblü nüvə risk zonasına çevirə bilər. Paradoks ondadır ki, İranla birbaşa dialoqun olmaması qısa müddətdə təzyiq aləti kimi görünsə də, uzunmüddətli perspektivdə bu, ABŞ-nin öz təhlükəsizlik maraqlarına ziddir. Çünki kommunikasiya kanalları bağlı olduqda yanlış hesablamalar, eskalasiya və nəzarətdən çıxan böhran riski artır. Bu baxımdan Vensin açıqlaması həm sərt xəbərdarlıq, həm də dolayısı ilə etirafdır. İranla dialoqun olmaması diplomatiyanı zəiflədir, alternativi isə daha təhlükəli ssenarilərdir”.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər