00:00:00
Yazar
Güllər Gülhüseynova
15.05.2026 19:12 76 3 dəq oxuma
Siyasət

İranla müharibə qlobal dünyanın cənubuna hücumun başlanğıcıdır- Əli Baqeri

İranla müharibə qlobal dünyanın cənubuna hücumun başlanğıcıdır- Əli Baqeri

İranla müharibə qlobal dünyanın cənubuna hücumun başlanğıcıdır- Əli Baqeri

 

Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin xarici siyasət məsələləri üzrə müavini Əli Baqeri Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Təhlükəsizlik Şurası katiblərinin iclasında deyib.

 

"ABŞ və İsrailin İranla müharibəsinin məqsədi ölkənin Asiya inteqrasiyasına zərbə vurmaqdır", - o bildirib.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Əli Baqerinin səsləndirdiyi fikirlər əslində İranın son illərdə formalaşdırdığı geosiyasi yanaşmanın tərkib hissəsidir:

 

“Tehran hesab edir ki, ABŞ və İsrailin bölgədə həyata keçirdiyi siyasətin əsas məqsədi yalnız İranın nüvə proqramını məhdudlaşdırmaq deyil, eyni zamanda Asiyada formalaşan yeni siyasi-iqtisadi bloklaşmanın qarşısını almaqdır. Başqa sözlə desək İran özünü Çin, Rusiya və “Qlobal Cənub" adlandırılan dövlətlər qrupunun mühüm halqası kimi təqdim etməyə çalışır. Bu baxımdan Yaxın Şərqdə mümkün genişmiqyaslı qarşıdurmanın təsirləri təkcə regionla məhdudlaşmayacaq, Cənubi Qafqaza və xüsusilə Azərbaycana da ciddi şəkildə təsir edə bilər. İlk növbədə təhlükəsizlik faktoru ön plana çıxır. İran Azərbaycanın cənub qonşusudur və bu baxımdan istənilən hərbi eskalasiya sərhədyanı ərazilərdə təhlükəsizlik risklərini artırır. Biz bunu 40 günlük savaş dönəmində Naxçıvan ərazisinə dron zərbələri zamanı gördük. Digər tərəfdən əgər İran ətrafında artıq genişmiqyaslı müharibə baş verərsə, bu, qaçqın axını, sərhəd təhlükəsizliyi problemləri və regional kommunikasiya xətlərinə təhdid kimi nəticələr doğura bilər. Azərbaycan isə həm coğrafi mövqeyinə, həm də enerji və logistika marşrutlarının üzərində yerləşdiyinə görə proseslərin birbaşa təsirinə məruz qala bilər.Digər mühüm məsələ enerji bazarları ilə bağlıdır”.

 

Ekspert həmçinin bunu da qeyd edib ki, Yaxın Şərqdə gərginliyin artması dünya enerji qiymətlərinə təsir göstərir və bu, Azərbaycan üçün həm iqtisadi imkanlar, həm də risklər yarada bilər:

 

“Qlobal bazarda neft və qaz qiymətlərinin yüksəlməsi qısamüddətli perspektivdə Azərbaycanın gəlirlərini artıra bilər. Lakin uzunmüddətli qeyri-sabitlik regional investisiya mühitinə və nəqliyyat layihələrinə mənfi təsir göstərə bilər. Xüsusilə Orta Dəhliz və Cənub Qaz Dəhlizi kimi layihələrin təhlükəsizliyi regional sabitliklə birbaşa bağlıdır. İran və Qərb arasında münasibətlərin gələcək inkişafına gəldikdə isə burada bir neçə əsas ssenari mümkündür. Birinci ssenari məhdud qarşıdurma modelidir. Yəni indiki kimi, tərəflər birbaşa genişmiqyaslı müharibədən yayınır, lakin sanksiyalar, Hörmüz və dəniz blokadası, kiberhücumlar, regional proksi qüvvələr vasitəsilə mübarizə davam edir. İkinci ssenari diplomatik yumşalma ehtimalıdır. Xüsusilə nüvə proqramı ətrafında yeni razılaşma əldə olunarsa, İran-Qərb münasibətlərində nisbi sabitlik yarana bilər. Lakin tərəflər arasında etimadın çox aşağı olması bu ehtimalı zəiflədir. Üçüncü və ən riskli ssenari isə artıq birbaşa genişmiqyaslı hərbi toqquşmadır.  Bütün bunlar göstərir ki, Yaxın Şərqdə baş verən proseslər artıq lokal xarakter daşımır. İran-Qərb münasibətlərinin gələcəyi təkcə regionun deyil, Cənubi Qafqazın və qlobal təhlükəsizlik sisteminin gələcək dinamikasına da ciddi təsir göstərəcək”.

 

Güllər Güıhüseynova

 

 

#İran #İsrail #ABŞ #Azərbaycan #siyasət #müharibə #sülh #gündəm #Qərb #Cənubi Qafqaz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər